Qusar perspektivli turizm mərkəzidir
28 sentyabr 2024 | 14:27
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına təkan verir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət mərkəzlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi dövlət tərəfindən bu sahənin inkişafına göstərilən diqqətin bariz nümunəsidir.
Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycan dövlətinin sosial siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi və xalqa xidmət dayanır. Vətəndaş amili dövlət siyasətinin ana xəttini təşkil edir. Bu prinsipin reallığını son zamanlarda Qusar rayonunda həyata keçirilən tədbirlərdə, görülən işlərdə aydın şəkildə müşahidə etmək olur. İcra Hakimiyyətinin başçısının mütəmadi olaraq sakinlərlə keçirdiyi görüşlər, müxtəlif idarə və müəssisələrdə, turizm obyektlərində yaradılan şəraitlə yaxından tanış olması vətəndaş amilinin ön planda olmasının göstəricisidir. 27 sentyabr tarixində Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar rayonunda fəaliyyət göstərən Şahdağ Turizm Mərkəzində olub, işçilər və xidmət personalı ilə görüşüb, Mərkəzdə aparılan abadlıq-quruculuq, infrastruktur işləri ilə yaxından tanış olub.
Son illər Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, turizm sektorunda da inkişaf tendensiyasının özünü qabarıq şəkildə göstərdiyini vurğulayan İcra başçısı ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial imkanların olduğunu, turizm sektorunun həm də bölgələrin inkişafına təkan verdiyini qeyd edib.
Söhbət zamanı əməkdaşlar bu gün Azərbaycanda turizmin inkişafının respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəli olduğunu qeyd edib. İcra başçısının diqqətinə çatdırılıb ki, Şahdağ Turizm Mərkəzinin kollektivinin 80 faizi yerli əhalidən təşkil olunub, əməkdaşlar qonaqlara yüksək səviyyədə xidmətin göstərilməsi ilə bağlı xüsusi təlim kursları keçiblər.
Daha sonra İcra başçısı konfrans zalına, qonaqların istirahəti üçün hər cür şərait yaradılmış otellərə, yeni quraşdırılan idman qurğularına baxış keçirib. Sonda rayon rəhbəri öz tövsiyyələrini bildirib və işlərində uğurlar arzulayıb.