Qusar Peşə Liseyində “Peşə təhsili, əmək bazarı və sahibkarlıq perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib
16 oktyabr 2026 | 17:47
Müasir dövrdə peşə təhsilinin inkişafı, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması iqtisadi inkişafın mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, peşə təhsili alan gənclərin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara yiyələnməsi, real iş mühiti ilə tanış olması və gələcək karyera imkanları barədə dolğun təsəvvür əldə etməsi onların əmək həyatına uğurlu inteqrasiyası üçün vacib şərtlərdəndir.
Bu məqsədlə Qusar Peşə Liseyində “Mentor Talks” layihəsi çərçivəsində “Peşə təhsili, əmək bazarı və sahibkarlıq perspektivləri” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirələri zamanı “Mentor Talks” layihəsinin mahiyyəti, dövlət dəstəyi mexanizmləri və gənclərin biznes ideyalarını reallaşdırmaq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, peşə bacarıqlarına yiyələnmək yalnız əmək bazarında iş tapmaq üçün deyil, eyni zamanda, fərdi təşəbbüslərin inkişaf etdirilməsi, özünüməşğulluğun təşkili və şəxsi biznes fəaliyyətinin qurulması baxımından da geniş imkanlar yaradır.
Görüşdə iştirak edən bərbər və aşpazlıq ixtisasları üzrə məzun-mentorlar öz peşəkar fəaliyyətlərindən irəli gələn təcrübələri bölüşüblər.
Panel müzakirələrində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Məşğulluq Filialının Qusar rayon xidmət şöbəsinin müdiri Vüqar Şahbazov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Qusar üzrə KOB dostu Emin Orucov, yerli işəgötürənlərin nümayəndələri və sahibkarlar iştirak ediblər. Çıxışlarda özünüməşğulluq proqramı çərçivəsində təqdim olunan dövlət dəstəyi imkanları, əmək bazarında tələb olunan bacarıqlarla bağlı məlumat verilib.
İnteraktiv müzakirə şəraitində keçən görüşdə tələbələr qonaqlara suallar ünvanlayaraq seçdikləri ixtisaslar üzrə iş imkanları, ilk iş təcrübəsinin qazanılması, işə qəbul prosesi və gələcək karyera perspektivləri ilə bağlı onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.






