Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

08 may 2025 | 12:12
7 may 2025-ci il tarixdə Qusar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının inzibati binasında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, onlara göstərilən dövlət qayğısından bəhs edib. Qeyd edilib ki, gənclərin dövlətə, xalqa sədaqət, milli-mənəvi dəyərlərə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində, maarifləndirmə işinin aparılmasında yaşlı nəslin nümayəndələrinin üzərinə çox böyük öhdəliklər düşür. Həmçinin rayonun ictimai-mədəni və siyasi həyatında fəal iştirak edən rayon ağsaqqallarının möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər zaman xalqın mənafeyinə xidmət edən siyasətini dəstəklədikləri, ölkəmizin gələcəyi, rayonumuzun dinamik inkişafı naminə bilik və bacarıqlarını əsirgəmədikləri qeyd olunub.
Ötən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edən Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov Rayon Ağsaqqallar Şurasının fəaliyyətindən, təşkilatın üzvlərinin iştirakı ilə keçirilən görüşlərdən, tədbirlərdən, gənclərlə maarifləndirici söhbətlərin aparılmasından söz açıb. Qusar Rayon Ağsaqqallar Şurasının üzvlərinin gələcəkdə də fəaliyyətlərini aktiv şəkildə həyata keçirəcəklərini bildirib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Qusar rayonunun əhalisinin onun üçün doğma olduğunu qeyd edərək, onlarla növbəti dəfə görüşdən məmnun olduğunu bildirib. Tahir Süleymanov öz çıxışında Qusar Rayon Ağsaqqallar Şurasının gördüyü işləri qənaətbəxş hesab edərək, tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, ağsaqqallar fəaliyyətlərini daha səmərəli şəkildə qurmalı, cəmiyyətimizdəki problemlərə qarşı təsirli mübarizə aparmalıdırlar. Müasir cəmiyyətimizdəki nöqsanların aradan qaldırılması üçün ağsaqqalların zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından daha çox istifadə edilməlidir. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxışının sonunda hər kəsə möhkəm cansağlığı və uğurlar arzulayıb.
Konfransda çıxış edən digər natiqlər Qusar Rayon Ağsaqqallar Şurasının fəaliyyətindən və qarşıda duran vəzifələrdən söz açıblar. Təşkilatın gələcəkdə öz fəaliyyətini daha səmərəli şəkildə quracağından əminliklərini ifadə ediblər.
Keçidlər