Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirilmişdir
23 oktyabr 2026 | 17:59
Oktyabrın 22-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı yanında növbəti Şura iclası keçirilmişdir. Rayon icra hakimiyyəti başçısının sədrliyi ilə keçirilən iclasda şura üzvləri və müəssisə rəhbərləri iştirak etmişdir.
Şura iclasını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələləri onların diqqətinə çatdırmışdır.
Daha sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov rayonda 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran həlli vacib məsələlər haqqında məruzə ilə çıxış etmişdir. O, rayonda payız-qış fəsillərində hava şəraitinin sərt-soyuq keçməsini nəzərə alaraq, müvafiq müəssisə, təşkilatlar tərəfindən zəruri tədbirlərin hələ yaz-yay aylarından etibarən həyata keçirilməsinə başlanıldığını bildirmişdir. Qeyd edilmişdir ki, qarşıdan gələn qış mövsümündə rayon ərazisində əhalinin normal yaşayış şəraitinin və sosial obyektlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə yaşayış binalarının və sosial obyektlərin istilik sistemlərinin vəziyyəti nəzərdən keçirilmiş, kommunal xidmətlərin dayanıqlılığının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, Qusar rayonunun dağlıq ərazidə yerləşməsi və sərt iqlim şəraitinə malik olması, xüsusilə dağlıq və dağətəyi ərazilərdə yerləşən yaşayış məntəqələrində qazlaşma faizinin aşağı olması səbəbindən rayonun enerji təminatında odun və dizel kimi yanacaq növlərinin bu gün də əhəmiyyətini qoruyub saxladığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, yanacaq növü kimi mühüm əhəmiyyət daşıyan oduncaqla təminat məqsədilə Qusar rayonu üçün 2610,16 kub metr oduncaq limiti ayrılmışdır. Rayonun yaşayış məntəqələrinin qazlaşdırma səviyyəsi ilə bağlı məlumat verən birinci müavin qeyd etmişdir ki, rayonda mövcud 90 yaşayış məntəqəsindən 49-u qazlaşdırılmış, 8-də qazlaşdırma işləri davam edir. Vurğulanmışdır ki, cari ildə rayonun Yasab, Torpaq Körpü və daha 5 kəndinin - Ukur, Əcəxür, Düztahir, Gican və Böyük Muruq kəndlərinin qazlaşdırılmasına başlanılmışdır.
Payız-qış mövsümündə əhalinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatının həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verən Şahid Fərəməzov bildirmişdir ki, Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Qusar Xidmət Sahəsi tərəfindən rayonun şəhər və kəndlərində müəyyən avadanlıqların yenilənməsi, qaz xətlərində təmir işləri görülmüşdür. Son 2 ildə rayon əhalisinin istilik və yanacaq probleminin həlli məqsədilə 8 kənddə ümumilikdə 677 evə təbii qaz verilmiş, 6 kənddə qaz xətlərinin çəkilməsi işləri davam edir.
Rayonun enerji təminatı ilə bağlı görülən işlərə toxunan Şahid Fərəməzov qeyd etmişdir ki, cari ildə rayon əhalisinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, eləcə də enerji itkilərinin qarşısının alınması məqsədilə bir sıra işlər görülmüşdür. Belə ki, 2026-cı ildə Çubuqlu, Langi, Bədirqala, Suvacal, Əniq kəndlərinin, Kuzun kəndinin Aladaş yaşayış massivinin və Qalacıq kəndinin Çoban yaşayış massivinin, eləcə də əvvəlki illərdən yarımçıq qalmış Əvəcük və Köhnə Xudat kəndlərinin elektrik şəbəkələri tamamilə yenidən qurulmuş, Hil və Gündüzqala kəndlərində isə işlər davam etdirilir. Piral və Xürel kəndlərində yarımçıq qalmış işlərin növbəti aylarda davam etdirilməsi nəzərdə tutulur. Əlavə olaraq rayonun Şirvanlı, Yuxarı Zeyxur və Laza kəndlərində mövcud transformatorlar yeniləri ilə əvəz edilmişdir. Rayonda cari ildə ümumilikdə 76 ədəd 10 KV-luq, 20 ədəd 0,4 KV-luq metal dayaq, 4 ədəd KRN (ümumilikdə 16 ədəd) və Transformator Məntəqələrində 7 ədəd yeni ayırıcı quraşdırılmışdır.
Rayonda yol infrastrukturunun da qarşıdan gələn qış mövsümünə hazırlığı məqsədilə zəruri tədbirlərin görüldüyünü diqqətə çatdıran birinci müavin bildirmişdir ki, “6 nömrəli Yol İstismarı” MMC tərəfindən hazırlıq işləri çərçivəsində müxtəlif markalı avtomaşın və texnikalar saz vəziyyətə gətirilmişdir və rayonun eniş və yoxuşu çox olan yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması üçün qum, duz, eləcə də benzin və dizel yanacağının tədarükünün görülməsi nəzərdə tutulmuşdur.
Şura iclasında rayonun yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumat verilmişdir. “Cari ildə 18 küçəyə asfalt örtüyün çəkilməsi, 1 küçədə səkilərin tikintisi və 2 küçədə gecə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulmuşdur. Artıq 11 küçənin asfaltlaşdırılması işləri başa çatdırılmışdır”, deyə Şahid Fərəməzov nitqində qeyd etmişdir.
Su təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq barədə məlumat verən Şahid Fərəməzov bildirmişdir ki, Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən magistral və məhəllədaxili su şəbəkələrinin vəziyyəti yoxlanılmış, aşkar edilən nasazlıqlar aradan qaldırılmış, cari ilin sentyabr ayında su anbarları yuyularaq dezinfeksiya edilmiş, mövüm ərzində istifadə ediləcək bütün maşın və mexanizmlər işlək vəziyyətə gətirilmişdir.
Rabitə xidmətlərinin fasiləsizliyinin təmin olunması istiqamətində görülən işlərə də toxunan birinci müavin qeyd etmişdir ki, “Aztelekom” MMC-nin Qusar şöbəsi tərəfindən mövsümə hazırlıq üzrə tədbirlər planı hazırlanmış, kənd və şəhər rabitə xətlərinin vəziyyəti yoxlanılaraq cari təmir işləri aparılmışdır. Həmçinin şöbənin balansında olan nəqliyyat vasitələri təmir edilmiş və zəruri ehtiyyat hissələri ilə təmin olunmuşdur.
Şahid Fərəməzov, həmçinin Qusar Mənzil İstismarı Müəssisəsi tərəfindən görülən işlər barədə məlumat verərək bildirmişdir ki, çoxmənzilli yaşayış binalarında kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti idarə və müəssisələrlə birlikdə qəzalı, yararsız vəziyyətdə olan su, qaz və elektrik xətlərində təmir işləri aparılmış, binaların tüstü bacaları və havalandırma boruları təmizlənərək işlək vəziyyətə gətirilmişdir.
Məruzədə mövsümə hazırlıqla bağlı mövcud çatışmazlıqlara da diqqət çəkən Şahid Fərəməzov bildirmişdir ki, rayonda 15 təhsil müəssisəsi dizel yanacağı ilə təmin olunmamış, kənd tibb və həkim məntəqələrinin, eləcə də odunla qızdırılan mədəniyyət müəssisələrinin yanacaq təminatı məsələsi həll edilməmişdir.
Daha sonra 2026-cı ilin 9 ayı ərzində Qusar rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri İkram Tumarxanov çıxış etmişdir. Hesabat dövründə ölkə üzrə müşahidə olunan müsbət iqtisadi dinamikanın rayonun sosial-iqtisadi göstəricilərində də əks olunduğunu bildirən İkram Tumarxanov qeyd etmişdir ki, rayonda ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 38252 min manat və ya 11,9% artaraq 360322 min manata çatmışdır. Bu müddətdə sənaye məhsulu istehsalı 30,2%, tikinti üzrə 91,1%, nəqliyyat və anbar sektorunda əldə olunan gəlir 3,1%, informasiya və rabitə xidmətlərinin həcmi 20,9%, ticarət xidmətləri isə 8,2% artmışdır. Bununla yanaşı, kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalında 4,5 faizlik azalma qeydə alınmışdır.
İqtisadi fəallığın digər göstəricilərinə toxunan sektor müdiri bildirmişdir ki, hesabat dövründə rayon üzrə pərakəndə ticarət dövriyyəsi 5,9%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 16% artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi isə 4,1 dəfə artaraq 87346 min manat təşkil etmişdir.
Məruzədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həssas əhali qruplarının rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə də yer verilmişdir. İkram Tumarxanovun sözlərinə görə, hesabat dövründə 148 şəhid ailəsinə və qazilərə ümumilikdə 136,7 min manat, 33 aztəminatlı ailəyə 11,3 min manat maddi yardım göstərilmişdir. Bununla yanaşı, respublikanın ali təhsil müəssisələrində təhsil alan aztəminatlı ailələrin övladlarına, həmçinin 2025/2026-cı tədris ilində ali məktəblərə yüksək balla qəbul olunmuş məzunlara və müxtəlif müsabiqələrdə uğur qazanan şagirdlərə ümumilikdə 24,7 min manat maddi yardım, Qusar Dövlət Ləzgi Dram Teatrına isə 5 min manat maliyyə yardımı ayrılmışdır.
Şəhid ailələrinin, müharibə əlillərinin və qazilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verən İkram Tumarxanov bildirmişdir ki, bu kateqoriyadan olan ailələrin mənzil təminatının yaxşılaşdırılması məqsədilə rayonda 112 mənzildən ibarət iki beşmərtəbəli binanın tikintisi davam etdirilir. Əhalinin sosial müdafiəsi ilə bağlı digər göstəricilərə gəlincə, hesabat dövründə Qusar rayonu üzrə ünvanlı dövlət sosial yardımı alanların sayı 475 ailəyə, həmin ailələrin üzvlərinin sayı isə 2148 nəfərə çatmışdır.
Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışan İkram Tumarxanov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası barədə məlumat vermişdir. Bildirilmişdir ki, qarşıya qoyulan tapşırıqların vaxtında və səmərəli yerinə yetirilməsi, aidiyyəti dövlət qurumlarının, təşkilatların və rayonda fəaliyyət göstərən fermerlərin fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Qərargah yaradılmış, Qusar rayonu üzrə İş Planı təsdiq edilmiş və nəzərdə tutulan tədbirlərin icrasına başlanılmışdır.
Bitkiçilik və taxılçılıq sahəsindəki göstəricilərə toxunan sektor müdiri qeyd etmişdir ki, 2026-cı ilin məhsulu üçün rayonda 18,9 min hektar sahədə taxıl, o cümlədən 9,2 min hektar sahədə buğda, 9,7 min hektar sahədə arpa əkilmiş, 27 min ton buğda, 23,1 min ton arpa olmaqla, ümumilikdə 50,1 min ton taxıl istehsal edilmiş, orta məhsuldarlıq 26,6 sentner təşkil etmişdir. 2026-cı ilin hesabat dövründə 1,3 min hektar sahədə tərəvəz, 1,7 min hektar sahədə kartof əkilmiş, həmin sahələrdən ümumilikdə 39,5 min ton məhsul yığılmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 min ton və ya 33 faiz azdır. Eyni zamanda, 2026-cı ildə rayonda 746 hektar sahədə yeni meyvə bağları salınmışdır.
Kənd təsərrüfatı istehsalının dəstəklənməsi istiqamətində fermerlərə göstərilən dövlət dəstəyinə də diqqət çəkilmişdir. Qeyd olunmuşdur ki, il ərzində fermerlərə lizinq yolu ilə 108 traktor, 104 müxtəlif qoşqu və avadanlıq verilmiş, rayonda fəaliyyət göstərən fermerlərə ümumilikdə 11,5 milyon manat subsidiya ödənilmişdir.
Bununla yanaşı, heyvandarlıq sahəsində qeydə alınan azalma da məruzədə əksini tapmışdır. İkram Tumarxanov bildirmişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 6,7 faiz azalaraq 33,1 min başdan 30,9 min başa, xırda buynuzlu mal-qaranın sayı isə 3,5 faiz azalaraq 56 min başdan 54,1 min başa düşmüşdür.
Daha sonra rayonun qaz, elektrik enerjisi, su təchizatı, kommunal və şəhər təsərrüfatı, yol istismarı sahələri üzrə, eləcə də digər aidiyyəti müəssisələrin rəhbərləri gündəlikdə duran məsələlər və hesabat dövründə görülmüş işlər barədə məlumat vermişdir.
Sonda müzakirə olunan məsələlər üzrə qərar layihəsi qəbul edilmişdir. Rayon icra hakimiyyətinin başçısı tərəfindən qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.






