Qusar Rayon İcra Hakimiyyəti başçısının 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbriki
17 iyun 2025 | 17:50
Əziz tibb işçiləri!
Sizi 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə ürəkdən təbrik edir, sağlamlıq naminə göstərdiyiniz yüksək peşəkarlıq və əvəzsiz xidmətlərinizə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar və şəxsi həyatınızda xoşbəxtlik arzulayıram.
Səhiyyə cəmiyyətin ən vacib sahələrindən biri olmaqla, insan həyatının qorunmasına, sağlamlığının təmin edilməsinə xidmət edir. Tibb işçisi olmaq yalnız peşə deyil, həm də yüksək mənəvi məsuliyyət, humanizm və fədakarlıq tələb edən bir missiyadır. Hər bir tibb işçisinin fəaliyyətində vicdan, mərhəmət, peşəkarlıq və vətəndaşlıq borcu əsas prinsiplərdir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial siyasətin mühüm istiqamətlərindən biri də səhiyyənin inkişafıdır. Son illər ərzində ölkəmizdə, o cümlədən Qusar rayonunda səhiyyə sahəsində aparılan islahatlar, yeni müasir tibb müəssisələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və ən əsası, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyevin tapşırıqlarına və göstərişlərinə əsasən, son illər Azərbaycanda səhiyyədə aparılan islahatlar, onun idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr dəyişiklikləri və digər tədbirlər respublikamızda bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.
Əziz tibb işçiləri!
Sizə bir daha bu əlamətdar gün münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətinizdə uğurlar arzu edirəm. Əminəm ki, siz bundan sonra da cəmiyyətin sağlamlığı və rifahı naminə fədakarlıqla çalışacaq, Azərbaycan səhiyyəsinin inkişafına öz töhfələrinizi verməyə davam edəcəksiniz.
Peşə bayramınız mübarək olsun!
Sahir Məmmədxanov
Qusar Rayon İcra Hakimiyyətinin başçısı






