Qusar Rayon İcra Hakimiyyəti başçısının 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbriki
24 iyun 2025 | 10:53
Əziz həmvətənlər!
Hörmətli hərbi qulluqçular, zabit və əsgərlərimiz!
Dəyərli qazilər və şəhid ailələrinin üzvləri!
Sizi xalqımızın qürur və iftixar mənbəyi olan 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, vətənə sədaqətlə xidmət edən bütün hərbi qulluqçularımıza, qəhrəman qazilərimizə möhkəm can sağlığı, ali mənəvi iradə və fəaliyyətlərinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, xatirələrini dərin ehtiramla anıram.
1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmiş qərarla Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ölkəmizdə milli ordu quruculuğunun əsası qoyulmuşdur. Dövlət müstəqilliyimizin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı müvafiq sərəncam ilə bu tarix Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirilmiş və milli təqvimimizə əlamətdar gün kimi daxil edilmişdir.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində əsaslı və sistemli islahatlara başlanıldı. Onun rəhbərliyi ilə milli ordu formalaşdırıldı, vahid komandanlıq strukturu yaradıldı, müasir hərbi təlim və hazırlıq sistemləri tətbiq olundu, kadr potensialı gücləndirildi, hərbi hissələrin maddi-texniki bazası yeniləndi, zabit heyətinin peşəkarlığı artırıldı, hərbi təhsil müəssisələri inkişaf etdirildi və orduya dövlət səviyyəsində siyasi və iqtisadi dəstək təmin olundu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu qısa müddətdə nizami və mütəşəkkil bir güc strukturuna çevrildi və dövlətin suverenliyinin etibarlı təminatçısı oldu.
Müstəqilliyimizin, dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatçısı olan Azərbaycan Ordusu bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Ordumuzun çevikliyi, yüksək döyüş qabiliyyəti, peşəkar hazırlığı, müasir texnologiyalarla təchizatı onu regionda aparıcı hərbi güclərdən birinə çevirmişdir.
Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz ordusunun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Şanlı ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu, tarixi ədalət bərpa edildi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu tarixi zəfərin əldə olunmasında şəhidlərimizin və qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin sarsılmaz iradəsi və qətiyyəti həlledici rol oynamışdır.
Bu gün ordumuz təkcə hərbi güc deyil, həm də milli birliyin, xalq-ordu və vətəndaş həmrəyliyinin simvoludur. Azərbaycan əsgərinin cəsarəti, döyüş hazırlığı, müasir hərbi biliklərə dərindən yiyələnməsi və yüksək texniki bacarıqlarla silahlanması, ölkəmizin gələcəyinə olan inamı daha da möhkəmləndirir.
Rayonumuzun gəncləri də Vətənə xidmətə böyük ruh yüksəkliyi ilə yollanır, hərbi xidməti şərəfli borc hesab edir. Qusar rayonundan çıxmış çoxsaylı zabit və əsgərlərimiz Vətən müharibəsində göstərdikləri şücaətlə təkcə rayonumuzun deyil, bütün xalqımızın fəxrinə çevrilmişlər. Həmin qəhrəmanların hər biri gənclərimiz üçün örnək, gələcək nəsillər üçün ilham mənbəyidir.
Qusar rayonunda da şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi hər zaman diqqət mərkəzində saxlanılır.
Əziz həmvətənlər!
Bu gün Azərbaycan Silahlı Qüvvələri xalqımızın qürur mənbəyidir. Ordumuzun əldə etdiyi möhtəşəm nailiyyətlər, dövlətimizin hərbi-siyasi sahədə qazandığı uğurlar vətəndaşlarımızda sonsuz fəxarət hissi yaradır. Biz əminik ki, qalib ordumuz daim güclənəcək, ölkəmizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi uğrunda ləyaqətlə xidmət etməyə davam edəcəkdir.
Bu əlamətdar gün münasibətilə bir daha bütün hərbi qulluqçularımızı, əsgər və zabitlərimizi, onların ailə üzvlərini, müharibə iştirakçılarını və şəhid ailələrini səmimi qəlbdən təbrik edirəm.
Qoy Azərbaycanın üçrəngli bayrağı daim ucalarda dalğalansın, sarsılmaz dövlətçiliyimiz və müzəffər ordumuz var olsun!






