Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinə təbriki

04 oktyabr 2026 | 15:07
Hörmətli müəllimlər!
Sizi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.
Müəllimlik peşəsi cəmiyyətin inkişafında və gələcək nəsillərin yetişməsində əvəzsiz rol oynayan müqəddəs peşədir. Müəllim yalnız bilik ötürən deyil, eyni zamanda gənc nəsli əxlaqi və mənəvi dəyərlərə sədaqətli, vətənpərvər, məsuliyyətli və müasir dünyagörüşlü vətəndaş kimi formalaşdıran şəxsdir. Bu baxımdan müəllim öz peşəsi ilə təkcə təhsil prosesinin deyil, bütövlükdə cəmiyyətin gələcəyinin formalaşdırılmasına xidmət edir.
Tarixin bütün mərhələlərində təhsilə verilən dəyər dövlətlərin inkişaf səviyyəsinin əsas göstəricilərindən biri olmuşdur. Müasir dövrdə isə sürətlə dəyişən dünyanın çağırışları, elmi-texnoloji tərəqqi, yeni bilik və bacarıqlara artan tələbat müəllim qarşısında daha böyük vəzifələr müəyyənləşdirir. Bu gün müəllim yalnız hazır bilikləri şagirdə ötürən deyil, onu müstəqil düşünməyə, araşdırmağa, düzgün qərar verməyə, milli və ümumbəşəri dəyərləri uzlaşdırmağa, daim öyrənməyə və dəyişən dünyanın tələblərinə uyğunlaşmağa istiqamətləndirən əsas şəxsdir.
Azərbaycan dövlətinin sosial siyasətinin mühüm istiqamətlərindən biri də təhsilin davamlı inkişafının təmin edilməsi, təhsil infrastrukturunun müasirləşdirilməsi, müəllimlərin peşəkar inkişafı üçün əlverişli imkanların yaradılması və təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsidir.
Bu gün Azərbaycan müəllimi qarşısında duran əsas vəzifələrdən biri də milli-mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi gənc nəslə aşılamaqdır. Xüsusilə Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra yetişməkdə olan nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə olunması təhsil qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşmişdir.
Tarix sübut edir ki, ölkəmizin inkişafında təhsil sahəsi həmişə prioritet olub. Ümummilli Lider Heydər Əliyev müəllim əməyinə böyük qiymət verərək onları cəmiyyət üçün əvəzsiz dəyər kimi qəbul etmişdir. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır.
Bu gün də ölkəmizdə təhsil siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün ölkədə olduğu kimi, Qusar rayonunda da müəllimlərin əməyinə yüksək dəyər verilir. Son illərdə rayonda yeni məktəb binalarının tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, tədris avadanlıqları ilə təmin olunması, müəllimlərin peşəkarlığının artırılması və sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülmüşdür.
Bu gün Qusarda yetişən saysız-hesabsız istedadlı gənclərin uğurlarında müəllimlərimizin zəhməti var. Hər bir nailiyyətin, hər bir qələbənin təməlində müəllimin əməyi dayanır. Bu il müəllimlərimizin əməyi nəticəsində rayonumuzdan 330 nəfər Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur. 12 nəfər 600-dən, 31 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Hörmətli müəllimlər! Bir daha Sizi bu əlamətdar gün münasibətilə təbrik edir və şərəfli peşənizdə yeni uğurlar arzulayıram.
Əminəm ki, Siz bundan sonra da gənc nəslin Vətənə məhəbbət, milli dəyərlərə sədaqət və müasir biliklər əsasında tərbiyəsində öz fədakar fəaliyyətinizi davam etdirəcəksiniz.
Peşə bayramınız mübarək!
Keçidlər