Qusar Rayon İcra Hakimiyyəti başçısının Müəllimlər Günü münasibətilə təhsil işçilərinə təbriki
Əziz müəllimlər!
Sizi 5 oktyabr – Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Müəllimlik peşəsi cəmiyyətin inkişafında və gələcək nəsillərin yetişməsində əvəzsiz rol oynayan müqəddəs peşədir. Müəllim yalnız bilik ötürən deyil, eyni zamanda gənc nəsli əxlaqi və mənəvi dəyərlərə sədaqətli, vətənpərvər, məsuliyyətli və müasir dünyagörüşlü vətəndaş kimi formalaşdıran şəxsdir. Sizin əməyiniz sadəcə bir peşə deyil, həm də müqəddəs bir missiyadır: insan yetişdirmək, şəxsiyyət formalaşdırmaq, millətin gələcəyini qurmaq.
Tarix sübut edir ki, ölkəmizin inkişafında təhsil sahəsi həmişə prioritet olub. Ümummilli Lider Heydər Əliyev müəllim əməyinə böyük qiymət verərək onları cəmiyyət üçün əvəzsiz dəyər kimi qəbul etmişdir. Ulu Öndər öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır. Onun irsində müəllimlər cəmiyyətin mənəvi dayağı, xalqın gələcəyini qurmaq missiyasını daşıyan nəhəng qüvvə kimi qiymətləndirilmişdir. Dahi lider "Müəllimlik peşəsi ən şərəfli peşədir" sözləri ilə müəllimlərə olan böyük ehtiramını ifadə etmişdir.
Bu gün də ölkəmizdə təhsil siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün ölkədə olduğu kimi, Qusar rayonunda da müəllimlərin əməyinə dövlət tərəfindən yüksək dəyər verilir. Son illərdə rayonda yeni məktəb binalarının tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, tədris avadanlıqları ilə təmin olunması, müəllimlərin peşəkarlığının artırılması və sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülmüşdür. Bu tədbirlər müəllimlərin əməyinə olan qiymətin göstəricisidir.
Bu gün Qusarda yetişən saysız-hesabsız istedadlı gənclərin uğurlarında müəllimlərimizin zəhməti var. Hər bir nailiyyətin, hər bir qələbənin təməlində müəllimin əməyi dayanır. Bu il müəllimlərimizin əməyi nəticəsində rayonumuzdan 271 nəfər Respublikanın müxtəlif ali təhsil məktəblərinə, 31 nəfər isə xarici ölkələrdə ali təhsil müəssisələrinə qəbul olunmuşdur. 7 nəfər 600-dən, 24 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Hörmətli müəllimlər! Bir daha Sizi bu əlamətdar gün münasibətilə təbrik edir, sağlamlıq, uzun ömür, ailə səadəti və şərəfli peşənizdə yeni uğurlar arzulayıram. Əminəm ki, Siz bundan sonra da gənc nəslin Vətənə məhəbbət, milli dəyərlərə sədaqət və müasir biliklər əsasında tərbiyəsində öz fədakar fəaliyyətinizi davam etdirəcək, rayonumuzun, dövlətimizin gələcək inkişafına mühüm töhfələr verəcəksiniz.
Bayramınız mübarək!






