Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Mucuq və Ləcət kəndlərində keçirilib

09 aprel 2026 | 18:38
 
Rayon icra hakimiyyəti başçısının vətəndaş məmnunluğunun təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və yerlərdə mövcud problemlərin həlli məqsədilə səyyar vətəndaş qəbullarının keçirilməsi mütəmadi xarakter daşıyır. Növbəti səyyar vətəndaş qəbulu aprelin 9-da rayonun Mucuq və Ləcət kəndlərində baş tutmuşdur. Qəbullardan əvvəl Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Səyyar qəbullarda rayon icra hakimiyyətinin başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə və müəssisələrin, xidmət sahələrinin rəhbərləri və kəndlərin sakinləri iştirak etmişdir. Səyyar qəbuldan əvvəl Mucuq kəndində şəhidlərin xatirə lövhəsi ziyarət edilmiş, önünə gül dəstələri düzülərək şəhidlərimizin xatirəsi yad edilmişdir.
Sakinlərlə görüş zamanı icra başçısı son günlərdə rayon ərazisində müşahidə olunan güclü yağıntılar səbəbindən sakinlərə dəymiş ziyanlarla maraqlanmışdır. Sakinlər fəsadların aradan qaldırılması istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişdir. Mucuq kəndinin sakinləri güclü yağışların fəsadlarının aradan qaldırılması üçün əlavə texnikanın ayrılması, Həzrə-Qusar avtomobil yolunun xətlənməsi ilə bağlı müraciətlərini səsləndirmişdir. Kənddə montyorun olmaması, əsasən axşam saatlarında qaz təzyiqinin zəif olması kimi məsələlər də sakinlərin müraciətləri sırasında yer almışdır.
Ləcət kəndində keçirilən səyyar qəbul zamanı isə sakinlər kənd stadionunun təmirinə göstərilən dəstəyə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişdir. Bununla yanaşı, bəzi evlərdə elektrik enerjisinin zəif olması, yolda hərəkət zamanı təhlükəsizlik məqsədilə süni maneələrin quraşdırılması, yağışlardan zərər görmüş fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi, eləcə də təhlükəli vəziyyətdə olan elektrik dirəklərinin yenilənməsi ilə bağlı məsələlər sakinlərin müraciətləri sırasında yer almışdır.
Qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilmiş, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, sakinlərə məsələlərin mahiyyəti izah olunmuşdur. Bildirilmişdir ki, qaldırılan məsələlər araşdırılaraq, mərhələli şəkildə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Keçidlər