Qusar Rayon İcra Hakimiyyəti başçısının Novruz və Ramazan bayramları münasibətilə rayon sakinlərinə təbriki
17 mart 2026 | 18:52
Hörmətli Qusar rayon sakinləri!
Sizi xalqımızın milli-mənəvi dəyərlərini, zəngin adət-ənənələrini və mədəni irsini özündə yaşadan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bu gün Novruz bayramı əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qeyd olunur. Artıq altı ildir ki, xalqımız Novruz bayramını xüsusi qürur və sevinc hissi ilə qarşılayır. Çünki xalqımız Vətən müharibəsində qazanılmış parlaq qələbənin, tarixi ədalətin bərpasının sevincini yaşayır. Bu əlamətdar bayram günlərində Vətənimizin müdafiəsində xidmət edən əsgər və zabitlərimizə də səmimi bayram təbriklərimi çatdırıram. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə regionların inkişafı istiqamətində həyata keçirilən uğurlu siyasət nəticəsində Qusar rayonunda sosial-iqtisadi inkişafın təmin olunması, müasir infrastrukturun yaradılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər qarşıdakı dövrdə də fəaliyyətimizin əsas prioritet istiqamətlərindən biri olacaqdır.
Əziz rayon sakinləri!
Eyni zamanda, sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan dövləti müsəlman dünyasının ayrılmaz parçası olaraq tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Bu gün də ölkəmiz İslam həmrəyliyi, tolerantlıq və humanizm prinsiplərinə sadiq qalaraq nümunəvi mövqeyini qoruyur. Ramazan ayı İslam aləmində mənəvi saflığın, mərhəmətin, xeyirxahlığın və yardımlaşmanın rəmzi kimi xüsusi əhəmiyyətə malikdir. Bu mübarək ay cəmiyyətimizdə humanizm və həmrəylik ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Əziz qusarlılar!
Bu əlamətdar bayramlar münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, sizə möhkəm cansağlığı, ailə səadəti, firavan həyat və fəaliyyətinizdə uğurlar arzu edirəm.






