Qusar Rayon İcra Hakimiyyəti başçısının Qurban bayramı münasibətilə rayon sakinlərinə təbriki
04 iyun 2025 | 10:19
Əziz Qusarlılar!
Hörmətli həmvətənlər!
Sizi xalqımızın qədim dini-mənəvi dəyərlərini, fədəkarlıq və mərhəmət kimi ali insani keyfiyyətləri özündə ehtiva edən müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, süfrələrinizə ruzi-bərəkət və xoş bayram ovqatı arzulayıram.
İslam dininə və onun mütərəqqi ənənələrinə bağlı olan Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri vardır. Dövlət müstəqilliyinin bərpasından sonra Qurban bayramının rəsmi şəkildə qeyd edilməsi xalqımızın öz milli və dini adət-ənənələrinə sədaqət və ehtiramının bariz nümunəsidir.
Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinə, dini etiqad azadlığına daim yüksək ehtiram göstərilir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə bütün dini bayramlar, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Azərbaycanda hər il icra olunan Qurban mərasimləri insanları sülh, əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir.
Qusar rayonunda da bu bayram münasibətilə müxtəlif xeyriyyə və sosial dəstək tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə yardımlar edilir.
Əziz həmvətənlər!
Bu müqəddəs Qurban bayramında etdiyiniz dualar, kəsdiyiniz qurbanlar Tanrı dərgahında qəbul olunsun. Bu əziz günlərdə hər bir ailəyə səadət, ruzi-bərəkət, evlərinizə əmin-amanlıq və xoşbəxtlik diləyirəm.
Qurban bayramınız mübarək olsun!






