Qusar Rayon İcra Hakimiyyəti başçısının Ramazan bayramı münasibətilə rayon əhalisinə təbriki
Hörmətli qusarlılar!
Xalqımızın əziz bayramı olan Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və istəklərimi, diləklərimi çatdırıram.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası olaraq tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Azərbaycan xalqı milli adət və ənənələrini, dini etiqadını, inancını bu günümüzə qədər qoruyub saxlamışdır. Xalqımız öz milli-mənəvi dəyərlərinə, ənənələrinə həmişə ehtiramla yanaşır. Bu adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı möhtərəm Prezidentimiz tərəfindən də uğurla davam və inkişaf etdirilir. İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı xalqımızın mənəvi dünyasında xüsusi yer tutur. Ölkəmizdə müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu ayda mübarək Ramazan bayramı dövlət səviyyəsində hər il böyük təntənə ilə qeyd edilir. Əminəm ki, insanların ilahi kəlama, bəşəri ideyalara, milli - mənəvi dəyərlərə bağlılığını və sadiqliyini ürək açıqlığı ilə nümayiş etdirdikləri builki Ramazan bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Bu müqəddəs Ramazan bayramı günlərində Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş mərd oğullarımızı da böyük ehtiramla yad edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfalar diləyirəm.
Əziz qusarlılar!
Sizləri bir daha müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, oruc və ibadətlərinizin qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, bol ruzi və xeyirli-bərəkətli günlər arzu edirəm. Ramazan bayramınız mübarək olsun!