Qusar Rayon İcra Hakimiyyəti başçısının şagirdlərlə görüşü baş tutub
17 dekabr 2024 | 20:58
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də təhsil sahəsidir. İcra başçısının mütəmadi olaraq təhsil müəssisələrinə baş çəkməsi, təhsilin vəziyyəti ilə yaxından maraqlanması bunun bariz nümunəsidir.
Dekabrın 17-də Qusar Rayon İcra Hakimiyyəti başçısının rayon Heydər Əliyev Mərkəzində rayon və kənd məktəblərində təhsil alan şagirdlərlə görüşü baş tutub. Maraqlı polemika şəraitində keçən görüş səmimi anlarla yadda qalıb.
Son aylarda Qusar rayonunda görülən və görülməsi nəzərdə tutulan işlər barədə məlumat verən RİH başçısı parlaq gələcək üçün bu gün sağlam gəncliyin formalaşdırılmasının vacibliyini qeyd edib, şagirdlərə səmimi arzularını çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə şagirdlər rayon ərazisində uşaq əyləncə mərkəzlərinin, o cümlədən idman meydançalarının olmaması kimi problemləri qaldırıblar.
RİH başçısı tərəfindən görüş iştirakçılarının sualları cavablandırılıb, qeyd etdikləri problemlərin həlli istiqamətində görüləcək işlər barədə onlara məlumat verilib.
Sonda şagirdlər onlara göstərilən diqqət və qayğıya, xoş anlarla yadda qalan səmimi görüşə və rayon təhsilinin inkişafı istiqamətində görülən işlərə görə İcra Hakimiyyəti başçısına öz minnətdarlıqlarını bildiriblər.