Qusar rayon İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib
25 noyabr 2024 | 19:07
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tərəfindən rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib. Qusar şəhər 6 saylı tam orta məktəbin akt zalında baş tutan görüşdə həm də RİHB Aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Səyyar görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşların problemləri ilə yaxından tanış olaraq onları narahat edən problemlərin qısa zamanda həllinə nail olmaqdır. Artıq ənənə halını almış səyyar görüşlərdə sakinlərin qaldırdıqları, onları narahat edən problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub.
Qəbulda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiə, məşğulluq və digər məsələlərlə bağlı problemləri və təklifləri dinlənilib. Görüşdə sakinlər yaşadıqları çoxmənzilli binanın dam örtüyünün istismara yararsız vəziyyətdə olduğunu əsas gətirərək dam örtüyünün təmiri, binanın pilləkan qəfəslərinin işıqlandırılması, şəhərdaxili yolların asfaltlanması ilə bağlı müraciətlərini ediblər. Görüşdə həmçinin internet sürətinin zəif olması, hava şəraiti ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində tez-tez fasilələrin yarandığı qeyd olunub, sərnişin avtobusları arasında intervalın azaldılması təklifi irəli sürülüb.
Vətəndaşlar şəhər ərazisində uşaqlar üçün əyləncə mərkəzləri, parkların az olduğunu, yaşça böyük uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yerlərin olmadığını dilə gətiriblər. Bəzi sakinlərin müraciətləri isə yağış sularının yaşadıqları binanın zirzəmisinə dolması, o cümlədən binanın zirzəmisində ziyanverici həşəratlar, qarışqaların həddindən artıq çox olması ilə bağlı olub.
RİH başçısı tərəfindən sakinlərin problemləri dinlənilib, onlara müvafiq izahatlar verilib, qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar mütəmadi olaraq keçirilən səyyar görüşlərdən razı qaldıqlarını bildirərək onların rahat həyat şəraitinin təmin olunması istiqamətində görülən işlərə, o cümlədən şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.