Qusar Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Sudur kəndində vətəndaş müraciəti yerində araşdırılıb
21 iyul 2026 | 19:08
Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əhalinin problemlərinin yerində öyrənilməsi, müraciətlərin operativ həlli, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə yerlərdə mütəmadi olaraq səyyar qəbullar keçirilir. Qəbullarda səsləndirilən hər bir müraciət ciddi nəzarətə götürülür, qanunvericiliyin tələbləri çərçivəsində araşdırılır və icrası təmin edilir.
Qusar rayonunun Sudur kəndində keçirilən səyyar qəbul zamanı səsləndirilən müraciətlərin birində bildirilib ki, vətəndaşa məxsus pay torpaq sahəsinə qonşu olan örüş sahəsində həmin torpaq sahəsini icarəyə götürən sahibkar tərəfindən saxlanılan xırdabuynuzlu heyvanlar nəzarətsiz qaldığından həmin vətəndaşın əkininə ziyan vurub. Bundan əlavə sakinlər qoyun sürüsünün mühafizəsi üçün saxlanılan itlərin kənd ərazisində sərbəst hərəkət edərək əhalinin təhlükəsizliyinə təhdid yaratdığını qeyd ediblər. Qaldırılan məsələnin mahiyyəti dərhal öyrənilib. Vətəndaşlara qanunvericiliklə müəyyən edilmiş qaydalar izah edilib. Məsələnin yerində araşdırılması məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə iyulun 17-də Sudur kəndində keçirilən görüşdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun və Ərazi-təşkilat məsələləri sektorunun müdirləri, Həzrə Polis Bölməsinin rəisi, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, kəndin ağsaqqalları, həmçinin müraciət edən vətəndaş və şikayət olunan sahibkar iştirak ediblər. Görüş zamanı tərəflər dinlənilib. Sahibkara tövsiyə edilib ki, xırdabuynuzlu heyvanların nəzarətsiz qalmasının qarşısını almaq üçün zəruri tədbirlər görülsün, mühafizə məqsədilə saxlanılan itlər isə yalnız nəzarət altında saxlanılsın və əhalinin təhlükəsizliyinə təhlükə yaratmasın.
Eyni zamanda, sahibkar tərəfindən bələdiyyəyə məxsus əlavə örüş sahəsinin icarəyə götürülməsi ilə bağlı irəli sürülən təklif də müzakirə edilib. Ona bildirilib ki, bu məsələ ilə bağlı bələdiyyə ilə rəsmi qaydada icarə müqaviləsi bağlanmalı və qanun çərçivəsində müvafiq sənədləşmə işləri aparılmalıdır.
Qeyd edilib ki, tapşırıq və tövsiyələrin icrası Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılacaq.






