Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə bağlanmışdır
15 may 2023-cü il tarixində Qusar Rayonunda “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini məqsədilə müqavilə imzalanmışdır.
İmzalanma mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak etmişdir. Müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində bağlanması və “Heydər Əliyev ilində” icra olunması əhəmiyyətli hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir.
Qeyd olunmuşdur ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf layihələri həyata keçirilməkdədir. Məqsəd, özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir.
“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlangıc (kickoff meeting) görüş keçirilmiş, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır.