Qusar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni sədr seçilib
11 iyul 2025 | 09:32
10 iyul 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın seçkilərdən sonra yeni tərkibdə müəyyən olunan üzvləri ilə ilk iclası keçirilib. İclas zamanı Şura üzvlərinin iştirakı ilə keçirilən seçki nəticəsində sədr vəzifəsinə Sənan Xəlilov seçilib.
Görüş zamanı rayon ziyalıları tərəfindən Qusar rayonunun sosial-iqtisadi inkişafı, ictimai iştirakçılığın genişləndirilməsi, rayonun turizm potensialının daha məqsədyönlü istifadəsi, əhalinin asudə vaxtının səmərəli təşkili istiqamətində fikir mübadiləsi aparılıb, bir sıra təklif və təşəbbüslər irəli sürülüb.
Çıxış edənlər İctimai Şuranın fəaliyyətinin şəffaflığın təmin olunması, ictimai nəzarətin gücləndirilməsi və vətəndaşların qərar qəbuletmə prosesinə cəlb olunması baxımından əhəmiyyətini vurğulayıblar. Sonda yeni seçilmiş sədr Sənan Xəlilov göstərilən etimada görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində Şuranın işinin daha da səmərəli təşkili üçün səylə çalışacağını qeyd edib.






