Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyəti yayılan dezinformasiyalarla bağlı açıqlama verdi

14 sentyabr 2024 | 18:10

Son günlər bəzi kütləvi informasiya vasitələrində Qusar rayonunun Samur qəsəbəsində, Gömrük buraxılış məntəqəsi qarşısında aparılan quruculuq işləri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayımlanmaqdadır. Qusar Rayon İcra Hakimiyyəti əhali və sahibkarlar arasında fikir çaşqınlığına səbəb olan belə məlumatların əsassız olduğunu bildirir. Bununla bağlı müxtəlif kütləvi informasiya vasitələrinə müvafiq açıqlama verilib. Açıqlamada bildirilir: “Qusar Rayon İcra Hakimiyyəti olaraq 13 sentyabr 2024-cü il tarixdə Publika.az saytında, eləcə də digər kütləvi informasiya vasitələrində “Qusarın icra başçısı Qod Nisanovla əlbir olub? Sahibkarlara təzyiq göstərilir” başlığı altında yayımlanan informasiyalarda qeyri-dəqiqiliyin və yanlışlığın olduğunu bildiririk. Məlumat olaraq qeyd edirik ki, son illər ərzində ölkədə, eləcə də Qusar rayonunda geniş miqyaslı abadlıq-quruculuq tədbirlər həyata keçirilməkdədir. Beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən ölkəmizdə bu istiqamətdə tədbirlərin davamlı şəkildə icrası daim diqqət mərkəzində saxlanılan prioritet məsələlərdəndir. Respublikamızın sərhəd keçid məntəqələri yerləşən rayonlarında gömrük buraxılış məntəqələrinin qarşısında “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planına uyğun müasir infrastrukturun yaradılması tədbirləri həyata keçirilir. Qusar rayonunun da ölkəmizin şimal qapısı olduğunu, turizm bölgəsi kimi günü-gündən inkişaf etdiyini nəzərə alaraq bütün rayon ərazisində, xüsusilə Samur Gömrük Buraxılış Məntəqəsi ətrafında abadlıq-quruculuq işlərinin görülməsinə, müvafiq layihə üzrə yeni infrastrukturun yaradılması üçün tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Qeyd olunan ərazidə infrastrukturun müasir tələblərə uyğunlaşdırılması üçün Dövlət Gömrük Komitəsi ilə birgə müvafiq işçi qrupu yaradılmış, əhali və sahibkarlar arasında izahat-maarifləndirmə işləri aparılmışdır. Ərazidə aparılan quruculuq tədbirləri çərçivəsində müxtəlif təyinatlı 27 obyektin qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsi, bir sıra obyektlərin dam örtüklərinin və fasadlarının xüsusi tərtib olunmuş layihəyə uyğun olaraq yenidən qurulması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Söküntüsü nəzərdə tutulmuş obyektlərin müvafiq qaydada qiymətləndirilməsi başa çatdırılmış, obyektlərin əksəriyyətində təmir işlərinə başlanılmışdır. Kompensasiya ödənilməklə sökülməsi nəzərdə tutulan obyekt sahiblərinə bildirişlər təqdim edilmiş, onlar arasında izahat işləri aparılmışdır. Aparılan araşdırmalar nəticəsində ərazidə yerləşən obyektlərin bir çoxunun mülkiyyət sənədlərinin qanunvericiliyin tələblərinə uyğun gəlmədiyi, bəzilərinin isə sənədlərinin ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Bununla belə həmin obyekt sahibləri ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğinin az olması bəhanəsi ilə aparılan tədbirlərdən yayınır ki, bu da dövlət əhəmiyyətli tədbirin ləngiməsinə səbəb olur. 13 sentyabr 2024-cü il tarixdə kütləvi informasiya vasitələrində yayımlanmış yazılarda adları çəkilən şəxslərin iş adamı Qod Nisanovun və Qusar RİH başçısı Sahir Məmmədxanovun guya bu layihədə şəxsi maraqlarının olması iddiası tamamilə yanlış fikirdir. Bir daha bildiririk ki, ərazidə icra edilən infrastruktur layihələri “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.”

Keçidlər