Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayon İcra Hakimiyyətində “Bərk məişət tullantılarının idarə edilməsi üzrə dövlət-sahibkar tərəfdaşlığı layihəsi”nin müzakirəsi baş tutub

25 fevral 2025 | 17:01
Turizm bölgələrindən biri olan olan Qusar şəhərində və eləcə də rayonun bütün ərazisində ətraf mühitin bərk məişət və plastik tullantılarla çirklənməsinin qarşısının alınması prioritet məsələlərdəndir. Müasir dövrdə tullantıların, xüsusilə polietilen tullantıların ekologiyaya mənfi təsirlərinin aradan qaldırılması dünya ölkələrinin qarşısında duran ən vacib problemlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişafı Strategiyasının Tədbirlər Planında “Regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması sisteminin yaradılması və bu sahənin maddi-texniki bazanın gücləndirilməsi” nəzərdə tutulur. Bu tədbirin icrası məqsədilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində “regionlarda bərk məişət tullantılarının idarə edilməsi” layihəsinin işlənib hazırlanması ilə bağlı məsələlər fevralın 25-də Qusar rayon İcra Hakimiyyətində müzakirə edilmişdir.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul əməkdaşları, Asiya İnkişaf Bankının nümayəndəsi Ramazan Səmədov, məişət tullantıları üzrə mütəxəssis, Hollandiya vətəndaşı Rene van Doorn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Qızılgül Həsənovanın iştirakı ilə keçirilən görüşdə rayonda bərk tullantıların yığılması, çeşidlənməsi, daşınması məsələləri, bu sahədə mövcud vəziyyət, problemlər, həlli yolları və müasir standartlara cavab verən poliqonun yaradılması müzakirə olunub. Qeyd olunub ki, Qusar Rayon XDS-nin 27.04.1989-cu il tarixli 145 saylı qərarı ilə yaradılan, Qusar şəhərində, şəhərdən 1 km aralı məsafədə yerləşən məişət tullantıları poliqonu bu günki tələbatı ödəmir. Kommunal Müəssisələri və digər təşkilatların daşıdığı məişət tullantılarının emalı və zərərsizləşdirilməsinin müasir tələblərə uyğun təşkili rayonun ən vacib problemləri siyahısına daxildir. Bu məqsədlə görüşdə “Bərk məişət tullantılarının idarə edilməsi üzrə dövlət-sahibkar tərəfdaşlığı layihəsi”i, bərk məişət tullantılarının toplanması və utilizasiyasının davamlı və sistemli təşkili məsələləri geniş müzakirə edilmişdir. Bu istiqamətdə düzgün strategiyanın həyata keçirilməsinin rayon ərazisində bərk məişət tullantılarının idarə edilməsi ilə bağlı sistemin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına imkan verəcəyi bildirilmişdir.
Keçidlər