Qusar Rayon İcra Hakimiyyətində “əsassız işdən azad etmə” iddialarına rəsmi cavab
25 oktyabr 2025 | 20:13
Son günlər bir sıra xəbər portallarında Qusar Rayon İcra Hakimiyyətində bir sıra əməkdaşların “əsassız şəkildə işdən azad edilməsi” barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Qeyd olunan iddialar reallığı tam əks etdirmir və ictimaiyyətdə yalnış rəy formalaşdırır.
Məlumat üçün bildiririk ki, Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri qanunvericiliyin tələblərinə və dövlət qulluğu haqqında mövcud qaydalara uyğun şəkildə, xidməti zərurətdən irəli gələrək həyata keçirilir. Hər bir qərar işin səmərəliliyinin artırılması və idarəetmədə effektivliyin yüksəldilməsi məqsədini daşıyır. Əmək münasibətləri yalnız qanunvericiliyin tələblərinə əsasən tənzimlənib, heç bir şəxs əsassız yerə və ya subyektiv səbəblərlə işdən azad edilməyib. Əksinə, struktur islahatları çərçivəsində əvvəlki vəzifəsindən ayrılan əməkdaşların əksəriyyəti müxtəlif dövlət və yerli idarəetmə orqanlarında yeni iş yerləri ilə təmin olunublar.
Məlumat üçün bildiririk ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsində işləyən Hacıyev Ceyhun Məzahir oğlunu həmin vəzifədən azad edərək, Başçının müavini, İcitmai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin etmişdir. Həmçinin Ənvər Balabəyov Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad edilərək RİH başçısının İmamqulukənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Telman Kazımov RİH başçısının Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Mehri Fərzəliyeva RİH başçısının Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. İnformasiya təminatı və təhlil sektorunun müdiri İlham Xəlilovu bu vəzifədə sektorun aparıcı məsləhətçisi Samir Kəlbiyev əvəzləmiş, İlham Xəlilov Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Adıçəkilən şöbənin məsləhətçisi olan Azər Məcidov Hüquq şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir.
İcra başçısının köməkçisi vəzifəsində çalışan Marina Sərdərova vəzifəsindən azad edilərək, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Elvira Hacıbalayeva vəzifəsindən azad edilərək, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Adıçəkilən şöbənin baş məsləhətçisi Zeynal Əskərov RİH başçısının Urva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hüseynov Tural Cabir oğlu 2023-cü ilin mart ayında öz istəyi ilə işdən azad edilmişdir.
Sürücü Elnur Sultanov isə hazırki İcra Hakimiyyəti başçısının dövründə deyil, təxminən dörd il əvvəl işdən azad edilmişdir.
Bu faktlar bir daha göstərir ki, kadr məsələlərinə yanaşmada şəffaflıq, obyektivlik, qanunçuluq prinsipləri qorunur. Qusar Rayon İcra Hakimiyyəti bu cür əsassız məlumatların yayılmasını yolverilməz hesab edir və media nümayəndələrini rəsmi məlumat əldə etmək üçün yalnız etibarlı mənbələrə — Qusar Rayon İcra Hakimiyyətinin rəsmi saytına və rəsmi sosial şəbəkə hesablarına istinad etməyə çağırır.






