Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətində növbəti Şura iclası keçirilib-2026

22 iyul 2026 | 15:09
İyulun 21-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun sədrliyi ilə növbəti Şura iclası keçirilib. İclasda Şura üzvləri ilə yanaşı, rayonun aidiyyəti müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, yerli sahibkar və fermerlər iştirak ediblər. Şura iclasının gündəliyində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı rayon üzrə Tədbirlər planının hazırlanmasının yerli fermer və sahibkarlarla müzakirəsi məsələsi durub.
İclası giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov qeyd edib ki, son illərdə ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində aqrar sektor sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu gün Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü təmin edir. Vurğulanıb ki, 2026–2030-cu illəri əhatə edən yeni Dövlət Proqramı aqrar sahənin dayanıqlı inkişafının təmin olunması, istehsal və emal zəncirinin gücləndirilməsi, eləcə də regionlarda məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıyır. Proqramda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə konkret tapşırıqlar müəyyən edilib. Diqqətə çatdırılıb ki, Dövlət Proqramının əsas hədəfləri ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, müasir texnologiyaların tətbiqi, ətraf mühitin qorunması, aqrar sahədə maliyyə əlçatanlığının və sığorta mexanizmlərinin təkmilləşdirilməsidir. Eyni zamanda, balıqçılıq və akvakultura sahəsinin potensialının reallaşdırılması, bu sahədə yeni istehsal və emal müəssisələrinin yaradılması da prioritet istiqamətlər sırasındadır. Rayon rəhbəri bildirib ki, Qusar rayonunun iqlim şəraiti və təbii resursları aqrar sahənin inkişafı üçün geniş imkanlar yaradır. Qeyd olunub ki, Rayon İcra Hakimiyyəti olaraq Dövlət Proqramından irəli gələn bütün vəzifələrin vaxtında və keyfiyyətlə icrası təmin ediləcək, sahibkar və fermerlərlə mütəmadi görüşlər keçiriləcək, onların təklif və müraciətləri nəzərə alınacaqdır.
Daha sonra Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri İkram Tumarxanov çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında ölkəmizin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət geniş təhlil edilib. Onun sözlərinə görə, Proqramda sahənin gələcək inkişafı üçün əsas strateji məqsədlər, hədəf göstəriciləri və prioritet istiqamətlər müəyyən edilib. Belə ki, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının və məhsuldarlığın artırılması, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi, innovasiya və rəqəmsal texnologiyaların tətbiqi, insan kapitalının inkişaf etdirilməsi proqramın əsas hədəflərindəndir. İkram Tumarxanov vurğulayıb ki, Qusar rayonu kənd təsərrüfatı ixtisaslı rayon olduğundan bu Proqram bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilib ki, Dövlət Proqramından irəli gələn vəzifələrin rayon səviyyəsində icrasını əlaqələndirmək və səmərəli təşkil etmək məqsədilə Qusar Rayon İcra Hakimiyyəti başçısının 10 iyul 2026-cı il tarixli sərəncamı ilə 21 üzvdən ibarət Qərargah yaradılıb. Qərargahın tərkibinə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, rayonda fəaliyyət göstərən bir sıra fermer və sahibkarlar, eləcə də inzibati ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri də daxil edilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən yerli icra hakimiyyətlərinə təqdim olunmuş tövsiyələrə əsasən, Proqramda nəzərdə tutulmuş tədbirlərin rayonda uğurlu icrasını təmin etmək üçün Qusar rayonu üzrə Tədbirlər Planı hazırlanır. Tədbirlər Planında rayonun aqrar potensialı nəzərə alınaraq bir sıra mühüm istiqamətlər öz əksini tapmalıdır. Belə ki, ilk növbədə rayonda mövcud torpaq resursları barədə məlumatların toplanması və onlardan səmərəli istifadə mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Növbəti istiqamət üzrə suvarma suyundan səmərəli istifadə məqsədilə rayonda müasir suvarma sistemlərinin tətbiqi vəziyyəti öyrəniləcək. Qeyd edilib ki, rayonda bitkiçilik üzrə ixtisaslaşma istiqamətləri nəzərə alınmaqla təsərrüfatlar və sahibkarlar üzrə mövcud əkin sahələri, məhsuldarlıq və illik istehsal göstəriciləri təhlil ediləcək. Həmçinin vurğulanıb ki, yeni əkin sahələrinin salınması, bu məqsədlə nəzərdə tutulan investisiyaların həcmi, eləcə də gələcək dövr üçün məhsuldarlıq üzrə hədəf göstəriciləri müəyyənləşdiriləcək. Həmçinin təsərrüfatlar üzrə heyvanların baş sayı, istehsal olunan məhsulun həcmi, artırılması planlaşdırılan damazlıq və cins mal-qaranın sayı, yeni yaradılması nəzərdə tutulan heyvandarlıq və quşçuluq təsərrüfatları, bu sahəyə qoyulacaq investisiyaların həcmi barədə məlumatlar toplanacaq. Tədbirlər Planında rayon ərazisində yaradılması nəzərdə tutulan emal müəssisələrinin fəaliyyət istiqamətləri, tələb olunan xammal ehtiyatları, istehsal gücü, yaradılacaq yeni iş yerlərinin sayı və qoyulacaq investisiyanın həcmi öz əksini tapacaq.
Tədbirdə çıxış edən Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov rayonun kənd təsərrüfatı sahəsində son illərdə əldə olunmuş nəticələr, əsas iqtisadi göstəricilər, həyata keçirilən layihələr və mövcud problemlər barədə ətraflı məlumat verib. Bildirilib ki, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, müasir aqrotexniki yanaşmaların tətbiqi və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər kənd təsərrüfatının inkişafına mühüm töhfə verib.
Rauf Minhacov çıxışında Dövlət Proqramında nəzərdə tutulan prioritet istiqamətlər və qarşıda duran vəzifələr barədə də danışaraq qeyd edib ki, kənd təsərrüfatı sahəsində zəngin təcrübəyə və yüksək istehsal potensialına malik olan Qusar rayonu proqramda müəyyən edilmiş hədəflərin uğurla həyata keçirilməsi üçün bütün imkanlara sahibdir. O, xüsusilə rayonun meyvəçilik, heyvandarlıq və digər kənd təsərrüfatı sahələri üzrə ixrac potensialının daha da artırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Qusar rayonunda kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi 84700 hektardır. Bunun 35500 hektarını əkinəyararlı torpaqlar, 29398 hektarını isə suvarılan sahələr təşkil edir. Hazırda rayonda kənd təsərrüfatı sahəsində 19600 nəfər çalışır ki, onlardan 14700 nəfəri bitkiçilik sahəsində, 4900 nəfəri isə heyvandarlıq sahəsində fəaliyyət göstərir. Vurğulanıb ki, son illərdə rayonda istehsal edilən ümumi məhsulun dəyərində kənd təsərrüfatının payı 53-55 faiz təşkil edib. Bu göstərici aqrar sahənin rayonda aparıcı sahələrdən biri olduğunu təsdiqləyir. Belə ki, son dövrlərdə rayonda əsas inkişaf meyvəçilik və bitkiçilik sahələrində müşahidə olunub. Eyni zamanda, heyvandarlıq sahəsində müəyyən azalma qeydə alınıb. Belə ki, heyvandarlıq məhsullarının istehsalında rayonun respublika üzrə xüsusi çəkisi 1,04 faizdən 0,96 faizə enib.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru rayon ərazisində fəaliyyət göstərən fermerləri, sahibkarları və aqrar sahə mütəxəssislərini Dövlət Proqramının icrasında fəal iştirak etməyə çağıraraq bildirib ki, proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təkcə istehsalçıların gəlirlərinin artmasına deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına və dövlət iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.
İclasda “İSFA” MMC-nin direktoru Samir Xeyirbəyov da çıxış edərək rəhbərlik etdiyi müəssisə tərəfindən rayonda həyata keçirilməsi nəzərdə tutulan investisiya layihələri barədə məlumat verib. Bildirilib ki, müəssisə tərəfindən Qusarda müasir tingçilik təsərrüfatının yaradılması planlaşdırılır. Layihə çərçivəsində ildə 2 milyon ədəd yüksək keyfiyyətli tingin istehsalı nəzərdə tutulub. İstehsal olunacaq tinglər ilk növbədə yerli fermer və sahibkarlara təqdim olunaraq rayonda bağçılıq sahəsinin inkişafına töhfə verəcək. Eyni zamanda, müəssisə tərəfindən ölkəyə müasir damlama suvarma sistemlərinin gətirilməsi və onların peşəkar şəkildə quraşdırılması üçün müvafiq baza və xidmət mərkəzinin yaradılması da planlaşdırılır. Bu təşəbbüs suvarma suyundan səmərəli istifadəni təmin etməklə yanaşı, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artmasına və istehsal xərclərinin optimallaşdırılmasına xidmət edəcək. Samir Xeyirbəyov vurğulayıb ki, müəssisə tərəfindən Azərbaycanda ilk dəfə olaraq meyvə və tərəvəzin -50°C temperaturda dondurularaq vakuum şəraitində qurudulması texnologiyasının tətbiqi nəzərdə tutulur. Qeyd olunub ki, bu innovativ layihənin əsas məqsədi emal sahəsində yeni istehsal imkanları yaratmaq, məhsulların keyfiyyətini saxlamaqla rəqabətqabiliyyətini və ixrac potensialını əhəmiyyətli dərəcədə artırmaqdır. Sonda vurğulanıb ki, həyata keçirilməsi planlaşdırılan bütün bu layihələr “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tapşırıqlara uyğun icra ediləcək və “İSFA” MMC Proqramın uğurla reallaşdırılmasına öz töhfəsini verəcək.
Daha sonra “Mucuq AGRO” MMC-nin təsisçisi, sahibkar Jalə Əmirbəyova çıxış edərək Dövlət Proqramının sahibkarlar üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib, eyni zamanda rayonda kənd təsərrüfatı sahəsində mövcud olan bir sıra problemləri dilə gətirib və onların həlli istiqamətində təkliflərini səsləndirib.
İclasda “El Fruits” MMC-nin təsisçisi Elçin Həsrətov da çıxış edərək müəssisə tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr və görüləcək işlər barədə geniş məlumat verib. Çıxışının sonunda isə irəli sürdüyü təkliflərin reallaşdırılması istiqamətində rayon icra hakimiyyətinin başçısından müvafiq dəstəyin göstərilməsini xahiş edib.
Şura iclasının yekununda sahibkarların sualları cavablandırılıb və gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərar layihəsi qəbul olunub.
Keçidlər