Qusar Rayon İcra Hakimiyyətində rayonda məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb
15 avqust 2025 | 09:54
Qusar rayonunda sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri əhalinin məşğulluq imkanlarının genişləndirilməsi və əmək bazarının səmərəli idarə olunmasıdır.
Avqustun 13-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ramal Quluzadə və Quba–Xaçmaz Regional Məşğulluq filialının müdiri Cəfər Cəfərov ilə görüşüb.
Qusar rayonunda mövcud məşğulluq vəziyyətinin təhlili, görülmüş işlərin qiymətləndirilməsi və qarşıdakı dövrdə atılacaq addımların müəyyənləşdirilməsi məqsədilə keçirilən görüşdə məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, özünüməşğulluq proqramlarının daha çox vətəndaşı əhatə etməsi, əmək bazarına daxil olmaqda çətinlik çəkən sosial həssas qruplara əlavə dəstək mexanizmlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüş çərçivəsində Qusar rayonunda məşğulluq tədbirlərinin icrasına dəstək məqsədilə özünüməşğulluq proqramı üzrə rayona ayrılan cəlbetmə kvotasının, birgəmaliyyələşdirmə proqramı çərçivəsində işəgötürənlər üçün nəzərdə tutulan kvotanın və peşə hazırlığına cəlb edilən şəxslərə ayrılan adambaşına maliyyələşdirmə sayının artırılması istiqamətində işlərin icra vəziyyəti və qarşıda duran məqsədlər, eyni zamanda, rayonda həm ödənişli, həm də ödənişsiz yarmarkaların sayının artırılması, işəgötürənlərlə birbaşa təmas imkanlarının genişləndirilməsi, eləcə də Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kvota üzrə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işlə təmin edilməsinin artırılması barədə müzakirələr aparılmışdır.
Qeyd olunub ki, bu təşəbbüslərin reallaşdırılması rayonun əmək bazarının inkişafına, işsizliyin azaldılmasına, peşə bacarıqlarının artırılmasına və sosial müdafiə mexanizmlərinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir.






