Qusar Rayon İcra Hakimiyyətində rus icmasının nümayəndələri ilə görüş keçirilib
12 may 2025 | 20:08
Ölkəmizdə bütün dinlərə və millətlərə dünyanın bir çox dövlətləri üçün nümunə hesab olunacaq səviyyədə tolerant münasibət bəslənildiyi kimi Qusar rayonunda da dini etiqad və əqidə azadlığı tam təmin edilir.
12 may 2025-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyətində rus icmasının nümayəndələri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qonaqları salamlayıb, görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkəmiz multikulturalizm nümunəsidir. Qeyd edilib ki, bütün etnik və dini azlıqlar kimi xristian icmasının da öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaları, adət-ənənələrini, dil və mədəniyyətlərini yaşatmaları üçün geniş imkanlar yaradılıb.
Qusar Rus icmasının sədri Sırışeva Natalya Borisovna tolerantlığı ilə bütün dünyada tanınan Azərbaycanda yaşayan ruslar üçün hər cür şəraitin yaradıldığını, azərbaycanlılarla bərabər rusların da ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak etdiyini, dərin köklərə bağlı Azərbaycan-Rusiya dostluğunun bu gün də uğurla davam etdirildiyini bildirib. Qusar rayonunda yaşayan rus icması üzvlərinin hər cür qayğı ilə əhatə olunduğunu vurğulayan Sırışeva Natalya Borisovna, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.






