Qusar Rayon İcra Hakimiyyətində tələbələrlə görüş keçirildi
2024-cü il sentyabrın 11-də Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024/2025-ci tədris ili üçün DİM tərəfindən keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib. Görüşdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, məktəb direktorları, müəllimlər, eləcə də müxtəlif müsabiqə və olimpiadalarda yüksək nəticə göstərmiş məktəblilər iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbiri giriş sözü ilə açaraq bütün məzunları təbrik edib, Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğı hesabına təhsil sahəsində görülən işlər, qarşıya qoyulan məqsədlər, həyata keçirilən ardıcıl və davamlı tədbirlərdən, o cümlədən rayonumuzda son illərdə elmin və təhsilin inkişafında qazanılan uğurlardan danışıb.
Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və digər natiqlər tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara uğurlar arzulayıblar.
2023/2024-cü tədris ili Azərbaycanın təhsil sistemində mühüm bir yeniliklə yadda qalıb. Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin təsis edilməsi Azərbaycan təhsil sisteminə yeni bir canlanma gətirib. 30 ildən artıq bir zamanda Qarabağ həsrəti çəkən soydaşlarımız qürur hissi ilə öz övladlarının Qarabağ Universitetində təhsil alması üçün tədris ilinin başlanmasını səbirsizliklə gözləyirlər. Bu il Qarabağ Universitetinə qəbul olan məzunlardan 4 nəfəri Qusar rayonunun: şəhər 1 nömrəli, Urva, Zindanmuruq və Hil kənd tam orta məktəblərinin məzunlarıdır. 2023/2024-cü tədris ilində rayonun ümümtəhsil məktəblərini bitirən 942 nəfər şagirddən 600 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermiş, rayon üzrə 283 nəfər məzun respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ali məktəblərə qəbul olmuş 283 abituriyentdən 31 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov öz çıxışında gənclərə təhsil almağın və gələcəkdə vətənə faydalı vətəndaş olmağın vacibliyini, müasir texnologiyalar və elmi biliklərdən faydalanmağın əhəmiyyətini vurğulamış, rayonun inkişafında gənclərin böyük rol oynadığını, onların yeni ideyaları və biliklərinin Qusara fayda verəcəyinə inamını ifadə edərək, tələbə adını qazanan gəncləri təbrik etmişdir. Daha sonra ali təhsil müəssisələrinə qəbul imtahanlarında və təhsildə yüksək nəticə göstərmiş 16 nəfərə qiymətli hədiyyələr təqdim olunmuş, görüşün sonunda tədbir iştirakçıları ilə xatirə şəkili çəkilmişdir.