Qusar Rayon İcra Hakimiyyətinin başçısı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım əməkdaşları təbrik edib
06 mart 2026 | 12:28
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Rayon İcra Hakimiyyəti Aparatında çalışan xanım əməkdaşları təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı qeyd edib ki, tarix boyu cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsində mühüm rol oynayan Azərbaycan qadınları ailə institutunun əsas dayaqlarından biri olmaqla yanaşı, ictimai-siyasi, sosial və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak edərək ölkəmizin tərəqqisinə əhəmiyyətli töhfələr verib, xüsusilə Vətən uğrunda aparılan mübarizələrdə həm ön, həm də arxa cəbhədə böyük fədəkarlıq və qətiyyət nümayiş etdiriblər. Xalqımıza tarixi Zəfər sevincini yaşadan qəhrəman oğullarımız da məhz belə vətənpərvər, fədakar Azərbaycan analarının böyüdüb tərbiyə etdiyi övladlardır.
Rayon icra hakimiyyətinin başçısı nitqində vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən qadınların cəmiyyət həyatında fəal iştirak imkanlarının genişləndirilməsi, potensiallarının reallaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan qadınları cəmiyyət həyatının bütün sahələrində - elm, təhsil, səhiyyə, mədəniyyət, dövlət idarəçiliyi və digər istiqamətlərdə uğurla təmsil olunur, ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verirlər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov xanım əməkdaşları bir daha 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm cansağlığı və ölkəmizin inkişafı, tərəqqisi naminə əməli fəaliyyətlərində uğurlar arzulayıb.






