Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı ali məktəblərə qəbul olunmuş məzunlarla görüşüb

10 sentyabr 2025 | 17:46
Qusar rayonu təhsildə yüksək göstəriciləri ilə seçilən regionlardan biridir. 2024-2025-ci tədris ilində rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əldə etdiyi nailiyyətlər də bunu bir daha təsdiqləyir.
Sentyabrın 10-da Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun cari ildə ali məktəblərə qəbul olunmuş məzunlarla görüşü keçirilib. Görüşdə həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Badamov, Qusar RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, təhsil işçiləri, təqaüdçü müəllimlər, məzunlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun müdiri Naira Klıçova 2024-2025-ci tədris ilində rayon üzrə əldə olunan təhsil nailiyyətlərini diqqətə çatdırıb. Qeyd olunub ki, cari tədris ili ərzində rayonun ümumtəhsil məktəblərindən 930 nəfər şagird məzun olmuş, onlardan 465 nəfər ali təhsil müəssisələrinə sənəd vermişdir. Həmin şagirdlər arasında 24 nəfər 450–500 bal, 24 nəfər 500–600 bal, 7 nəfər 600–700 bal aralığında nəticə göstərərək Respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 31 məzun isə xarici ölkələrdə ali təhsil müəssisələrinə daxil olmuşdur. 2024-2025-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin 6 nəfər şagirdi müxtəlif müsabiqələrdə və fənn olimpiadalarında yüksək nəticələr göstərmiş, evdə fərdi təhsilə cəlb olunmuş 1 nəfər şagird isə ali məktəbə qəbul olmuşdur.
Tədbirdə çıxış edən təqaüdçü müəllimə Nəzifə Qaflanova, Qusar şəhər Tofiq İsmayılov adına 6 nömrəli tam orta məktəbin direktoru Kəmalə Sadıxova, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin müəllimi Rimma Cavadova məzunları, onların uğurlarında birbaşa pay sahibləri olan müəllimlərini və valideynlərini təbrik edib, məzunlara gələcək təhsil yolunda hər zaman məqsədyönlü və çalışqan olmalarını, əldə etdikləri bilik və bacarıqları cəmiyyətə faydalı şəkildə tətbiq etməyi tövsiyə ediblər.
Görüşdə ali məktəblərə daxil olmuş məzunlar da ürək sözlərini bölüşüblər. Qusar rayon Mehman Abdullayev adına Əcəxur kənd tam orta məktəbin məzunu, qəbul imtahanlarında 613 bal toplayaraq Bakı Dövlət Universitetinin tələbəsi adını qazanmış Marina Vələdova, təhsilini fərdi qaydada başa vurmuş, Bakı Mühəndislik Universitetinin Biznesin idarə edilməsi ixtisasına qəbul olunmuş Balaqusar kənd tam orta məktəbin məzunu Nuranə Ağababayeva qazandıqları uğurların gərgin və davamlı əməyin nəticəsi olduğunu vurğulayıblar. Nailiyyətlərində əsas pay sahibləri olan müəllimlərinə, eyni zamanda bu görüşün təşkilinə, rayonda təhsilin inkişafı istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, gəncləri ürəkdən təbrik edərək, onların qazandığı yüksək nəticələrin həm şəxsi zəhmət, həm müəllim və valideynlərin dəstəyi, Qusar rayonunda son illərdə təhsil sahəsində aparılan məqsədyönlü işlər və dövlət dəstəyi sayəsində mümkün olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov ali məktəblərə qəbul olmuş məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək, gənclərə uğurlu tələbəlik dövrü və gələcək həyatlarında nailiyyətlər arzulayıb. Rayon rəhbəri çıxışında ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqət və davamlı dəstək barədə söz açaraq bildirib ki, Qusar rayonunda da təhsil infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, müasir tədris avadanlıqları ilə təmin olunması istiqamətində işlər davam etdirilir. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin ölkədə təhsilə göstərdiyi diqqət və qayğını da xüsusi qeyd edərək, bu siyasətin Azərbaycanın inkişafında və gənc istedadların yetişməsində əvəzsiz rol oynadığını vurğulayıb, həmçinin rayon rəhbərliyinin təhsilin inkişafına yönəlmiş tədbirlərinə diqqət çəkərək, gənclərin bu imkanlardan səmərəli istifadə etmələrinin önəmini qeyd edib.
Tədbir çərçivəsində rayonun bir sıra qabaqcıl təhsil işçiləri Qusar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edilib. Eyni zamanda, qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmiş məzunlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Ardınca, 2024-2025-ci tədris ilində 450-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunların, həmçinin müxtəlif müsabiqə və fənn olimpiadalarında yüksək nəticələr göstərmiş şagirdlərin mükafatlandırılması haqqında Qusar Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.
Keçidlər