Qusar Rayon İcra Hakimiyyətinin başçısı Avaran və Xürel kəndlərində infrastruktur layihələrinin icra vəziyyəti ilə yerində tanış olub
23 aprel 2026 | 14:23
Qusar rayonunda əhalinin sosial rifahının yüksəldilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə yerində tanışlıq məqsədilə rayon icra hakimiyyətinin başçısı mütəmadi olaraq rayonun müxtəlif yaşayış məntəqələrində olur, yerlərdə əhali ilə görüşür.
Aprelin 22-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri “ISFA” şirkətinin rəhbəri Samir Xeyirbəyovla birlikdə Avaran kəndində həyata keçirilən içməli su təchizatı layihəsinin icra vəziyyəti ilə tanış olmuşdur. Kəndin dayanıqlı içməli su ilə təmin olunması məqsədilə icra edilən layihənin birinci mərhələsi 2025-ci ildə uğurla başa çatdırılmışdır. Kəndin su təchizatı üçün Cağar-Cibir su kanalından 1,4 km məsafədən su xətti çəkilmiş və kənddaxili şəbəkə qurularaq 125 ev təsərrüfatının su təchizatı təmin edilmişdir. Hazırda layihənin ikinci mərhələsinin icrasına başlanılmışdır. Bu mərhələdə Avaran kəndinin digər hissəsində yerləşən 284 ev təsərrüfatının içməli su ilə təmin olunması nəzərdə tutulur. Tikinti-quraşdırma işləri qrafikə uyğun davam etdirilir. İcra başçısı Sahir Məmmədxanov görülən işlərlə əyani tanış olmuş, layihənin texniki göstəriciləri və işlərin icra müddəti ilə maraqlanmışdır. Görüş zamanı podratçı təşkilatın nümayəndələrinə işlərin təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yüksək keyfiyyətlə və müəyyən edilmiş müddətdə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələr verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Xürel kəndinə səfəri çərçivəsində kəndin qazlaşdırılması layihəsinin icra vəziyyəti ilə yerində tanış olmuşdur. Layihənin icrasını həyata keçirən podratçı təşkilatın nümayəndələri görülən işlərin cari vəziyyəti, texniki göstəricilər və növbəti mərhələdə icrası nəzərdə tutulan işlər barədə rayon rəhbərinə ətraflı məlumat vermişdir. Həmçinin Xürel kənd kitabxanasında müəssisənin iş şəraiti ilə tanışlıq baş tutumuşdur.
Daha sonra Vətən müharibəsi şəhidi Şixəliyev Anvar Vadimoviçin Xürel kəndində yaşayan ailəsi ziyarət edilmişdir. Şəhidin ailə üzvləri ilə səmimi görüş zamanı onların sosial-məişət şəraiti, qayğı və problemləri ilə yaxından maraqlanılıb. İcra başçısı qeyd edib ki, dövlət başçımız tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.






