Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun 22 İyul-Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə təbriki
21 iyul 2025 | 18:26
Azərbaycan mətbuatının şərəfli ənənələrini yaşadan dəyərli jurnalistlər!
Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, peşə fəaliyyətinizdə uğurlar, möhkəm sağlamlıq və yeni-yeni nailiyyətlər arzulayıram!
Milli Mətbuat Günü, yalnız bir peşə bayramı deyil, həm də sözün, qələmin və ictimai rəyin gücünü təcəssüm etdirən ali bir gündür. 1875-ci ilin 22 iyul tarixində böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan mətbuatının təməli qoyulmuşdur. Bu gün milli mətbuatımız yalnız informasiya vasitəsi kimi yox, həm də dövlətçilik ideyalarının daşıyıcısı, milli kimliyimizin aynası, cəmiyyətin güzgüsü və ictimai nəzarətin mühüm aləti kimi fəaliyyət göstərir.
Müstəqil Azərbaycanın inkişafında və dövlət–cəmiyyət münasibətlərinin sağlam zəmində qurulmasında media nümayəndələrinin rolu əvəzsizdir. Xüsusilə də, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra milli mətbuat dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Mətbuat üzərində senzuranın ləğv olunması, jurnalistlərin peşə müstəqilliyinin təmin edilməsi və media infrastrukturunun gücləndirilməsi bu istiqamətdə atılan tarixi addımlardan oldu.
Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq media sahəsində sistemli və genişmiqyaslı islahatlar həyata keçirilir. Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və jurnalistika fəaliyyətinin peşəkarlıq meyarları əsasında inkişafı istiqamətində atılan addımlar bu siyasətin davamlı xarakter daşıdığını təsdiqləyir. Qeyri-hökumət təşkilatları, regional və yerli mətbuat orqanları üçün açılan imkanlar xüsusilə bölgələrdə cəmiyyətin maariflənməsinə, ictimai dialoqun dərinləşməsinə və əhalinin informasiya ilə təminatına böyük töhfə verir.
Azərbaycanın şanlı qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi dövründə də milli media öz gücünü və əzmini bir daha nümayiş etdirdi. Həmin günlərdə informasiya cəbhəsində aparılan mübarizədə jurnalistlərimiz cəbhə bölgəsindən operativ və dəqiq məlumatlar paylaşaraq cəmiyyətin informasiya ehtiyacını qarşıladılar, dünya ictimaiyyətinə haqq səsimizi çatdırmaq istiqamətində böyük əzm göstərdilər. Onlar yalnız xəbər ötürmədilər, eyni zamanda milli həmrəyliyi, xalq-dövlət birliyini möhkəmləndirən mənəvi körpü rolunu oynadılar.
Qusar rayonunda da media nümayəndələri öz fəaliyyətləri ilə ictimai həyatın aktiv iştirakçısına çevrilmişlər. Sizin yaydığınız operativ və dolğun məlumatlar, obyektiv mövqeyiniz və ictimai əhəmiyyət daşıyan məsələlərə çevik, analitik yanaşmalarınız cəmiyyətdə sağlam ictimai rəyin formalaşmasına, şəffaflığın təmininə, eləcə də yerli səviyyədə problemlərin diqqət mərkəzinə çəkilərək zamanında həllinə mühüm töhfə verir. Sizlərin sayənizdə Qusarın ictimai, siyasi, sosial və mədəni həyatı daim gündəmdə saxlanılır, rayonun inkişafı ilə bağlı tədbirlər və layihələr cəmiyyətə çatdırılır.
Bu əlamətdar gündə bir daha bütün jurnalistlərə və media təmsilçilərinə gələcək fəaliyyətlərində uğurlar, daim qələminizin iti, sözünüzün dürüst və yolunuzun işıqlı olmasını arzu edirəm.






