Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Köhnə Xudat Qazmalar kəndinin sakinləri ilə görüşüb
21 avqust 2026 | 11:04
Rayon icra hakimiyyətinin başçısının vətəndaşların problemlərinin yerində öyrənilməsi və operativ həlli məqsədilə keçirilən səyyar qəbulları mütəmadi olaraq davam etdirilir. Növbəti səyyar qəbul rayonun Köhnə Xudat Qazmalar kəndində baş tutub. Sakinlərlə görüşdə rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİHB Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir. Səyyar qəbuldan əvvəl Köhnə Xudat Qazmalar kənd Sənətkarlıq evinin fəaliyyəti ilə tanışlıq baş tutub, əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Qəbul zamanı kənd sakinləri onları narahat edən sosial, infrastruktur sahələrini əhatə edən və digər problemləri ilə bağlı müraciətlərini səsləndiriblər. Şəhid anası İradə Əlimova əsas magistral yoldan yaşadığı ünvana qədər olan təxminən 450 metr uzunluğunda yola asfalt örtüyünün çəkilməsi üçün müraciət edib. Digər şəhid anası İradə Niftəliyeva isə onun istifadəsində olan torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınmasına hüquqi köməklik göstərilməsini xahiş edib. Bundan əlavə, sakinlər tərəfindən kənddaxili yolların əsaslı təmiri, avtobus dayanacaqlarının quraşdırılması, yaşayış məhəlləsinin təbii qazla təmin olunması, əlillik dərəcəsinin verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşların qaldırdığı bütün məsələlər qeydiyyata alınıb. Müraciətlərin həlli istiqamətində müvafiq idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verilib və icrası nəzarətə götürülüb.
Vətəndaşlarla açıq dialoq qurmaq, onların problemlərini birinci mənbədən öyrənmək və həllinə nail olmaq məqsədilə keçirilən səyyar qəbullar rayonun digər yaşayış məntəqələrində də qrafikə uyğun davam etdiriləcək.






