Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Yasab kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir
İlk öncə rayon İcra Hakimiyyətinin başçısı rayon Polis şöbəsinin rəisi və rayon icra hakimiyyətinin əməkkdaşları Yasab kəndində şəhidlərin qəbirlərini ziyarət etmiş, qəbirlərə gül dəstələri düzməklə, dualar oxumaqla hörmət və ehtiramlarını bildirmişdir. Daha sonra Qusar rayon İcra Hakimiyyətinin başçısı Yasab kənd mərasimlər evində kənd sakinləri ilə görüşmüş onları narahat edən problemləri ilə tanış olmuşdur. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri ilk növbədə ən vacib məsələ olan Yasab kəndinin təbii qazla təmin edilməsi, fasiləsiz elektrik enerji ilə təmin olunması məqsədilə istismara yararsız elektrik dirəklərin və naqillərinin yeniləri ilə əvəz olunması, kənd tam orta məktəbinin əsaslı təmiri, kənddə uşaq bağçasının inşası, magistral yolda yol hərəkəti nişanlarının quraşdırılması, yanacaq odunun tədarükü və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmiş, digər məsələlərə müvafiq izahat verilmişdir.