Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbriki
02 fevral 2026 | 07:27
Əziz gənclər, Sizi 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edir, hər birinizə işlərinizdə və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsidir. Yüksək təfəkkürə, sağlam düşüncəyə malik gənclik cəmiyyətin davamlı inkişafını təmin edir. Bu gün Azərbaycan gənclərinə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Gənc nəslin hərtərəfli inkişafı dövlətimizin diqqət mərkəzindədir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin nəticəsi olaraq Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal qüvvəyə çevrilmişdir.
1997-ci ildə Ulu Öndərimizin "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996, 1999 və 2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra xarici ölkələrə təhsil almaları üçün tələbələrin göndərilməsi ənənəsini davam etdirməsi, “Prezident təqaüdü”nün təsis edilməsi dahi şəxsiyyətin ölkə gəncliyinə misilsiz qayğısının bariz nümunəsidir.
Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilmiş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması isə bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. Gənclər siyasəti çərçivəsində Gənclər Fondunun yaradılması, gənclərin bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi bu sahədə səmərəli nəticələrin əldə olunmasını şərtləndirib. “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulu, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə keçirilən Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, VI Beynəlxalq Elm Olimpiadası kimi önəmli tədbirlərin baş tutması gənclərə, xüsusilə, onların təhsil səviyyəsinin yüksəldilməsi yönündəki diqqətin nümunəsidir.
Qürurla deyə bilərik ki, azərbaycançılıq ideyaları əsasında tərbiyə almış gənc nəsil 44 günlük Vətən müharibəsində Cənab Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətini doğrultdu və bizi tarixi torpaqlarımıza qovuşduraraq yeni tarix yazdılar. Ömrünün ən gözəl çağında şəhid olan gənclərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm! Bu cür milli ruha, sağlam əqidəyə, intellektual dünyagörüşə malik gənclərimiz dövlətimizin sabahına daha inamla baxmağa əsas verir.
Əziz gənclər, Vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atmağınız diləyilə bir daha Sizi Gənclər Günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram.






