Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun 22 İyul-Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə təbriki

21 iyul 2026 | 19:10
Hörmətli media nümayəndələri, dəyərli jurnalistlər!
Sizi 22 İyul – Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni uğurlar, tükənməz yaradıcılıq enerjisi arzulayıram.
Azərbaycan milli mətbuatı zəngin tarixə, qədim ənənələrə malikdir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına, ictimai fikrin formalaşmasına, dövlətçilik ideyalarının möhkəmlənməsinə və milli həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr vermişdir. Xüsusilə də, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra milli mətbuatın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Mətbuat üzərində senzuranın ləğv olunması, jurnalistlərin peşəkar fəaliyyətinin təmin edilməsi, media infrastrukturunun möhkəmləndirilməsi və söz azadlığının bərqərar olması bu sahədə atılan tarixi addımlar kimi yadda qaldı. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq media sahəsində sistemli və genişmiqyaslı islahatlar həyata keçirilir. Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, peşəkar kadrların hazırlanması istiqamətində atılan addımlar Ulu Öndərin müəyyənləşdirdiyi siyasətin uğurla davam etdirildiyini təsdiqləyir.
Bu gün Azərbaycan mətbuatı ölkəmizin inkişaf salnaməsini, dövlətimizin qazandığı uğurları, həyata keçirilən genişmiqyaslı islahatları, sosial-iqtisadi tərəqqini, vətəndaşlarımızın rifahının yüksəldilməsi istiqamətində görülən işləri operativ və obyektiv şəkildə ictimaiyyətə çatdırmaq kimi məsuliyyətli missiyanı layiqincə yerinə yetirir. Xüsusilə, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası üzərinə düşən tarixi missiyanı yüksək peşəkarlıqla yerinə yetirdi. Döyüş meydanında qəhrəman Ordumuzun qazandığı möhtəşəm Zəfərlə yanaşı, informasiya məkanında da mühüm uğurlar əldə olundu. Peşəkar jurnalistlərimiz həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, Ermənistanın dezinformasiya kampaniyalarının ifşa edilməsində, ölkəmizin haqq səsinin beynəlxalq aləmə çatdırılmasında böyük fədakarlıq nümayiş etdirdilər. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dünyanın aparıcı televiziya kanallarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən öyrənilməsində mühüm rol oynadı və informasiya cəbhəsində qazanılan qələbənin aparıcı qüvvələrindən birinə çevrildi.
Qusar rayonunda da media nümayəndələri ilə səmərəli, qarşılıqlı etimada və açıq dialoqa əsaslanan əməkdaşlıq münasibətləri formalaşıb. Rayonumuzda həyata keçirilən sosial-iqtisadi layihələrin, abadlıq-quruculuq işlərinin, mədəni-kütləvi tədbirlərin, vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş təşəbbüslərin operativ şəkildə işıqlandırılmasında jurnalistlərin əməyi yüksək qiymətləndirilir. Eyni zamanda, media vasitəsilə səsləndirilən təkliflər, qaldırılan problemlər və vətəndaş müraciətləri daim diqqətdə saxlanılır, aidiyyəti üzrə araşdırılır və onların həlli istiqamətində zəruri tədbirlər görülür. Bu qarşılıqlı əməkdaşlıq rayonumuzda şəffaflığın, ictimai nəzarətin və vətəndaş məmnunluğunun təmin olunmasına mühüm töhfə verir.
Əminik ki, media nümayəndələri bundan sonra da yüksək peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərinə sadiq qalaraq ölkəmizin tərəqqisinə, dövlətçilik dəyərlərinin təbliğinə, milli maraqlarımızın qorunmasına, cəmiyyətin düzgün və operativ məlumatlandırılmasına öz layiqli töhfələrini verməyə davam edəcəklər.
Milli Mətbuat Günü münasibətilə bir daha bütün media nümayəndələrini ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, yeni yaradıcılıq nailiyyətləri, fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Keçidlər