Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə təbriki

21 iyun 2025 | 16:50
 
Hörmətli dövlət qulluqçuları!
Əziz həmkarlar!
Sizi 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımıza, dövlətimizə sədaqətlə xidmət edən bütün dövlət qulluqçularına məsuliyyətli fəaliyyətlərində uğurlar, şəxsi həyatlarında isə xoşbəxtlik və rifah arzulayıram.
Bu əlamətdar tarix Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə təsis olunmuşdur və hər il ölkəmizdə dövlət idarəçiliyində çalışan minlərlə insanın peşəsinə verilən dəyərin təcəssümüdür. Dövlət qulluğu cəmiyyətin idarə olunmasında mühüm yer tutur və dövlət siyasətinin həyata keçirilməsində əsas icraedici mexanizmlərdən biridir.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət idarəçiliyi strategiyası şəffaflıq, səmərəlilik və xalqla birbaşa təmas prinsiplərinə əsaslanır. Bu siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşına keyfiyyətli və operativ xidmət göstərmək, dövlətlə xalq arasında güclü etimad körpüsünü qoruyub saxlamaqdır.
Dövlət qulluqçusu olmaq yüksək mənəvi məsuliyyət, fədakarlıq və vicdan tələb edən şərəfli bir peşədir. Çünki bu vəzifəni daşıyan hər bir şəxs dövlətin simasını formalaşdırır, xalqın maraqlarını qoruyur, cəmiyyətin inkişafına xidmət göstərir. Məhz bu ali vəzifəni ləyaqətlə yerinə yetirən bütün dövlət qulluqçularımız xalqın və dövlətin inamını qazanırlar.
Qusar rayonunda da dövlət orqanlarında çalışan əməkdaşlar öz peşəkarlıqları, vətəndaşlara qayğıkeş yanaşmaları və idarəçilikdəki məsuliyyətləri ilə seçilir, rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verirlər. Rayon İcra Hakimiyyəti olaraq biz sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizinlə birlikdə gələcəyə daha güclü addımlarla irəliləməyə davam edirik.
Hazırda ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, rəqəmsal dövlət quruculuğu, “ASAN xidmət” modeli və digər vətəndaş yönümlü təşəbbüslər dövlət qulluğuna yeni keyfiyyətlər gətirmiş, bu sahədə vətəndaş məmnunluğunun artırılması əsas prioritetə çevrilmişdir. Bu isə dövlət qulluqçularının bilik, bacarıq və etik davranış normalarına daha yüksək tələblər qoyur.
Əminəm ki, sizlər bu məsuliyyətli peşənin daşıyıcıları olaraq vətəndaşlara xidmət etməkdə, dövlətin və dövlət başçısının siyasətini layiqincə icra etməkdə, ictimai maraqları daim üstün tutmaqda prinsipial olacaqsınız.
Bu əlamətdar gün münasibətilə bir daha bütün dövlət qulluqçularını təbrik edir, sizə çətin, lakin şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Keçidlər