Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun 8 Mart-Beynəlxalq Qadınlar Günü və 10 Mart-Milli Teatr Günü münasibətilə təbriki
07 mart 2025 | 13:27
Hörmətli xanımlar!
Əziz analar və bacılar!
Tarix boyu Azərbaycan qadını öz ağılı, zəkası, müdrikliyi, vəfası və yüksək analıq keyfiyyətləri ilə xalqımızı, millətimizi daim ucaltmışdır. Bu gün müstəqil Azərbaycan cəmiyyətində xanımlarımızın normal fəaliyyəti üçün lazımi şəriat yaradılmış,onlar dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunmuşlar. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Onlar bütün dövlət strukturlarında layiqincə təmsil olunurlar, bacarıq və qabiliyyətlərinə uyğun cəmiyyətdə öz yerlərini tuturlar. Məhz bu zəmində qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər.
Azərbaycan qadını müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsinə vətənimizin yüksəlişinin təmin olunmasına yenə də öz layiqli töhfələrini verməkdə davam edir. I Qarabağ və Vətən müharibəsi zamanı hər birimiz bunun şahidi olduq. 44 günlük Vətən müharibəsində Şanlı Zəfər gününü-qələbəni bizə analarımızın tərbiyə edib böyütdüyü, gücünə-qüvvəsinə inandığı Milli Ordumuzda xidmət edən oğulları yaşatdı. Canlarını vətənimizin bütövlüyü uğrunda qurban verən qəhrəman oğullarımızın analarının, xanımlarının qarşısında baş əyirik.
Bu gün Azərbaycan qadını daha qürurlu, daha işgüzardır. Bu gün Azərbaycan qadını bütün sahələrdə-yüksək ali dövlət qurumlarında çalışır, xarici ölkələrdə müstəqil Azərbaycanımızı layiqincə təmsil edirlər. İnanırıq ki, onlar bundan sonra da vətənpərvər gənclərin yetişdirilməsinə, ictimai-mənəvi mühitimizin zənginləşməsinə, milli-mənəvi dəyərlərimizin qorunub nəsildən-nəsilə ötürülməsinə öz layiqli töhfələrini verəcəklər.
Əziz analar və bacılar!
Sizi 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.
Qarşıdan 10 Mart - Milli Teatr günü gəlir. Yarandığı vaxtdan bu günə qədər uzun və şərəfli inkişaf yolu keçən Azərbaycan teatrı cəmiyyətin estetik zövqünün və milli təfəkkürün formalaşmasında mühüm rol oynayıb. Azərbaycan teatrının yaranmasının 152-ci, o cümlədən Qusar Dövlət Ləzgi Dram Teatrının yaranmasının 33-cü ildönümü tamam olur. Bu münasibətlə bütün teatr sənətçilərini, Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivini təbrik edirəm, sizlərə yeni yaradıcılıq nailiyyətləri və teatr mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, bədii irsimizin inkişafı və qorunması yolunda uğurlar arzu edirəm.
Bir daha 8 Mart-Beynəlxalq Qadınlar Günü və 10 Mart-Milli Teatr Günü münasibətilə sizləri təbrik edirəm! Hamınıza cansağlığı, gələcək işlərinizdə uğurlar arzu edirəm. Bayramınız mübarək!