Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Qusar rayon sakinlərinə təbriki

29 dekabr 2025 | 11:21
Əziz qusarlılar, hörmətli rayon sakinləri!
Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik arzulayıram.
Yola saldığımız 2025-ci il Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafının yeni mərhələyə yüksəldiyi, dövlətçilik ənənələrinin möhkəmləndiyi, ictimai-siyasi sabitliyin və milli həmrəyliyin daha da gücləndiyi bir il kimi tarixə düşmüşdür. İl ərzində ölkəmizdə aparılan ardıcıl islahatlar, reallaşdırılan genişmiqyaslı layihələr və sosialyönümlü proqramlar əhalinin rifah halının yüksəldilməsinə, regionların tarazlı inkişafına və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət etmişdir.
Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində iqtisadiyyatın şaxələndirilməsi, Ordu quruculuğu, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı, infrastrukturun yenilənməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının və dövlət proqramlarının icrası çərçivəsində yol, su, enerji, qazlaşdırma, təhsil, səhiyyə və digər sahələrdə reallaşdırılan layihələr ölkənin hər bir bölgəsində əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına real töhfələr vermişdir.
Bu ümumi inkişaf fonunda Qusar rayonu da 2025-ci il ərzində sosial-iqtisadi, infrastruktur və ictimai həyatın bütün sahələrində dinamik inkişaf mərhələsini yaşamışdır. Dövlət başçısının regionlara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində rayonda bir sıra mühüm layihələr həyata keçirilmişdir.
İlin ən əlamətdar hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 aprel 2025-ci il tarixində Qusar rayonuna səfəri olmuşdur. Səfər çərçivəsində dövlət başçısı “İsmikhanlı” MMC-yə məxsus müasir bağçılıq təsərrüfatı və soyuducu anbar kompleksi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin 1 may 2025-ci il tarixli Sərəncamına əsasən Qusar rayonunun Quxuroba–Hiloba–Yasaboba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri üçün dövlət büdcəsindən ilkin olaraq 1,5 milyon manat vəsait ayrılmışdır. Hazırda həmin yolda yol əsasının tikintisi aparılır.
Rayonda mühəndis-kommunikasiya, sosial infrastrukturun inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmişdir. Qusar şəhəri və ətraf kəndlərin su təminatında mühüm rol oynayan Bənövşə gölü su anbarının yenidən qurulması məqsədilə dövlət büdcəsindən ilkin olaraq 1 milyon manat vəsait ayrılmış, Avaran kəndində müasir içməli su təchizatı sistemi istifadəyə verilmişdir. Eyni zamanda, Avaran və Mucuq kəndləri təbii qazla təmin olunmuş, Xürel kəndi və qazlaşdırılmış yaşayış məntəqələrindən bir neçəsində yeni məhəllələrin qazlaşdırılmasına başlanılmışdır.
Təhsil sahəsində görülən işlər də xüsusi qeyd olunmalıdır. Rayonun Cibir kəndində yeni məktəb binası istifadəyə verilmiş, Kuzunqışlaq kəndində yeni məktəb binasının tikintisi davam etdirilmiş, Gündüzqala, İmamqulukənd, Urva, Aşağı Ləgər kənd məktəb binalarında, eləcə də Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və Peşə Liseyinin binalarında əsaslı təmir işləri aparılmışdır.
Yaşayış məntəqələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə Laza kəndində yeni körpü inşa edilmiş, Mucuq kəndində qəzalı vəziyyətdə olan körpü təmir edilmişdir. Rayon ərazisində digər yollarda cari təmir və hamarlama işləri görülmüşdür. Qusar şəhərində 18 küçənin asfaltlanması, 5 küçədə səkilərin tikintisi, 6 küçəyə gecə işıqlandırıcı sistemlərinin quraşdırılması və digər abadlıq-quruculuq işləri görülmüşdür. Əvəcük kəndinin elektrik enerjisi infrastrukturu tam yenilənmiş, Yuxarı Tahircal kəndini elektrik enerjisi ilə təmin edən 10 KV-luq hava elektrik verilişi xətti yenidən qurulmuş, daha 4 kənddə elektrik şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir.
Şəhid ailələrinin və qazilərin sosial rifahının təmin edilməsi 2025-ci il ərzində prioritet istiqamətlərdən biri olmuşdur. İl ərzində şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirilmiş, onların sosial-məişət problemlərinin həlli istiqamətində tədbirlər görülmüşdür. Qusar şəhərində 115 şəhidimizin xatirəsini əbədiləşdirən xatirə guşəsinin açılışı olmuşdur. Eyni zamanda Balaqusar nümayəndəliyi ərazisində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş 112 mənzildən ibarət iki beşmərtəbəli yaşayış binasının tikintisinə başlanılmışdır.
Rayonda vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən mütəmadi səyyar qəbullar təşkil olunmuş, əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçirilmişdir. Eyni zamanda, sosial, mədəniyyət, idman və digər sahələri əhatə edən müxtəlif tədbirlər, konsert proqramları, anım və hüzn mərasimləri təşkil edilmişdir.
Əldə olunan bütün bu nailiyyətlər Qusar rayonunun zəhmətkeş sakinlərinin, ictimaiyyət nümayəndələrinin və dövlət qurumlarının birgə səylərinin nəticəsidir. Hər birinizə göstərdiyiniz fəallığa, əməksevərliyə və vətənpərvər mövqeyə görə dərin təşəkkürümü bildirirəm.
Əminəm ki, qarşıdakı dövrdə də dövlətimizin diqqət və qayğısı, ictimai həmrəylik və birgə fəaliyyət nəticəsində Qusar rayonu daha da inkişaf edəcəkdir.
Əziz həmvətənlər!
Bir daha sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, xoşbəxt həyat, sülh və əmin-amanlıq arzu edirəm.
Qoy qarşıdan gələn il dövlətçiliyimizin daha da möhkəmlənməsi, rayonumuzun davamlı inkişafı və hər bir ailənin ocağında rifah, ruzi-bərəkət və xoş ovqatla yadda qalsın.
Bayramınız mübarək!
Keçidlər