Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Novruz bayramı ilə əlaqədar təbriki
17 mart 2025 | 12:02
Əziz sakinlər!
Milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi kimi sağlam bir təməl yaratmışdır. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də sevilir, uca tutulur, layiqincə qorunub saxlanır.
Novruz bayramı bu gün əsl ümumxalq və dövlət bayramı səviyyəsində ölkəmizin bütün bölgələrində böyük ruh yüksəkliyi ilə qeyd edilir. Artıq 5 ildir ki, Novruz bayramı özəl ab-hava il qeyd edilir, xalqımız Vətən müharibəsindəki parlaq qələbənin, tarixi ədalətin bərpasının sevincini yaşayır.
Torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizə də bayram təbriklərimi çatdırır, Vətən torpaqlarının bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.
Əziz qusarlılar!
Sizi Novruz bayramı münasibətilə təbrik edir, sizlərə can sağlığı, işlərinizdə müvəfəqiyyətlər, bahar təravətli günlər arzu edirəm. Arzu edirəm ki, baharın gəlişinin təcəssümü olan bu gözəl bayram ürəklərdə yalnız saf niyyətlər, xoş duyğular oyatsın, hər evə ruzi-bərəkət, ölkəmizə əmin-amanlıq, sülh və uğurlar gətirsin.
Bayramımız mübarək!