Qusar Rayon İcra Hakimiyyətinin başçısı şəhid Əmiraslan Xeyirbəyovun ailəsini ziyarət edib
15 may 2026 | 07:38
Mayın 14-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Caqarqışlaq kəndində şəhid Əmiraslan Xəlil oğlu Xeyirbəyovun ailəsini ziyarət edib. Əvvəlcə icra başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi və digər məsul şəxslər tərəfindən şəhidin xatirəsinə Caqarqışlaq kəndində ucaldılmış xatirə lövhəsi ziyarət olunub, xatirəsi yad edilib.
Sahir Məmmədxanov şəhidin ailəsi ilə görüşərək ailənin qayğıları ilə yaxından maraqlanıb. Görüş zamanı icra başçısı şəhidin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə verilmiş “Vətən uğrunda” medalını şəhidin atası Xəlil Xeyirbəyova təqdim edib.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Şəhid Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996-cı il dekabrın 10-da Qusar rayonunun Caqarqışlaq kəndində anadan olub. O, 2016-cı il aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid aprelin 9-da doğulduğu kənddə dəfn edilib. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.






