Qusar Rayon İcra Hakimiyyətinin başçısı şəhid və qazi ailələrini ziyarət edib
24 dekabr 2025 | 18:07
Azərbaycan Respublikasında şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətin həssas kateqoriyadan olan vətəndaşlara münasibəti təkcə sosial dəstək tədbirləri ilə deyil, eyni zamanda mənəvi qayğı və onların daim diqqətdə saxlanılmaları ilə özünü göstərir. Bu siyasət Qusar rayonunda da uğurla icra edilir.
Dekabrın 24-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar şəhərində şəhid Ramin Nurəhmədovun ailəsini və Vətən müharibəsi qazisi Samir Əhmədovu və ailəsini ziyarət edib. Ziyarət zamanı icra başçısı şəhid ailəsinin üzvləri, qazi Samir Əhmədov və ailə üzvləri ilə səmimi söhbət zamanı ailələrin sosial-məişət şəraiti, problem və qayğıları ilə maraqlanıb, təkliflərini dinləyib. İcra başçısı qazinin sağlamlıq vəziyyəti, müalicə prosesi ilə bağlı məlumat alıb. Eyni zamanda şəhid və qazi ailələrinin övladlarının təhsil göstəriciləri ilə maraqlanıb.
44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbənin Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, şəhid və qazilərimizin qəhrəmanlığı və sarsılmaz xalq-ordu birliyi nəticəsində əldə olunduğunu bildirən icra başçısı şəhidlərimizin əziz xatirəsinin daima uca tutulduğunu, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davamlı xarakter daşıyacağını qeyd edib.
Ailələr onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə RİH başçısına təşəkkürlərini bildiriblər.






