Qusar Rayon İcra Hakimiyyətinin başçısı Ukur kəndində sakinlərlə görüşüb
16 oktyabr 2025 | 20:16
Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun Ukur kəndində sakinlərlə görüşüb. Səyyar qəbulda həmçinin RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Sakinlər qəzalı vəziyyətdə olan məhəllədaxili elektrik xəttlərinin və köhnə transformatorun yenilənməsi, kənd yolunun sürüşmə təhlükəsi olan hissəsi ilə bağlı tədbir görülməsi, suvarma su arxlarının təmizlənməsi, fərdi torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi, kənddə avtobus dayanacağı və müvafiq yerlərdə yol nişanlarının quraşdırılması ilə bağlı müraciətlərini etmişlər. Həmçinin qeyd edilib ki, kənddə tibb məntəqəsinin olmaması sakinlər üçün müəyyən çətinliklər yaradır, onların səhiyyə xidmətlərinə çıxış imkanlarını məhdudlaşdırır.
Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov kənd sakinlərinin müraciət və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Rayon rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi olaraq keçirilən görüşləri vətəndaşlarla açıq dialoqun, birbaşa ünsiyyətin mühüm vasitəsi kimi dəyərləndirən sakinlər, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.






