Qusar Rayon İcra Hakimiyyətinin başçısı Uşaq-Gənclər İnkişaf Mərkəzində olub
05 may 2026 | 18:13
Mayın 4-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzində olub. Dərnək üzvlərinin rəsm əsərləri, bədii tikmə və toxuculuq nümunələri, ağac üzərində oyma sənəti ilə hazırlanmış əl işləri və digər yaradıcılıq nümunələri ilə tanış olan rayon rəhbəri onların bacarıq və zəhmətini yüksək qiymətləndirib. Sahir Məmmədxanov Mərkəzin pedaqoji kollektivi və şagirdlərlə səmimi söhbət edib, şagirdlərin gələcək maraqları, seçəcəkləri ixtisaslar və peşə istiqamətləri ilə yaxından maraqlanıb, onlara öz tövsiyələrini verib. Şagirdlər da öz növbəsində rayon rəhbərinə onları maraqlandıran müxtəlif sualları ünvanlayıblar.
Görüşün sonunda Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi adından İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova dərnək üzvlərinin əl işi olan rəsm əsəri hədiyyə edilib.
İcra hakimiyyətinin başçısına Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, müəssisə uzun illər Uşaq Yaradıcılıq Mərkəzi kimi fəaliyyət göstərmiş, 2017-ci ildən etibarən Uşaq-Gənclər İnkişaf Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. Qeyd olunub ki, Mərkəzin əsas məqsədi 6-16 yaş aralığında olan uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən qorunması, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlı gənclərin aşkar olunaraq onlarla fərdi işin aparılması və gələcək peşə seçiminə dəstək göstərilməsidir. Məlumat verilib ki, hazırda Mərkəzdə 31 nəfər pedaqoji işçi çalışır və 15 adda dərnək üzrə 38 qrup fəaliyyət göstərir. Hər bir dərnək qrupuna 15 şagird cəlb olunub. Uşaqlar məktəbdən sonra dərs cədvəlinə uyğun olaraq, öz maraq və bacarıqlarına müvafiq istiqamət seçir, həftədə 2 dəfə, 3 saat olmaqla dərnəklərə cəlb olunurlar. Mərkəzdə “Bədii tikmə”, “Bədii toxuma”, “Bacarıqlı əllər”, “Xalçaçılıq”, “Rəsm”, “İngilis dili”, “Debat”, “Məntiq”, “Bədii qiraət”, “Nağara” dərnəkləri də daxil olmaqla ümumilikdə 15 adda dərnək fəaliyyət göstərir. Vurğulanıb ki, şagirdlər arasında ən çox maraq “Rəsm” və “Bacarıqlı əllər” dərnəklərinədir.
Hazırda Mərkəz rayonun ictimai-mədəni həyatında fəal iştirak edərək gənclərin hərtərəfli inkişafına öz töhfəsini verir.






