Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon İcra Hakimiyyətinin başçısı yüksək nəticə göstərmiş şagirdlərlə görüşüb

02 may 2026 | 16:11
 
Ölkəmizdə təhsilin inkişafı, savadlı, vətənpərvər, müasir dünyagörüşlü gənclərin yetişdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Qusar rayonunda da təhsilin keyfiyyətinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkarlanması və dəstəklənməsi istiqamətində məqsədyönlü iş aparılır. Bunun məntiqi nəticəsidir ki, son illərdə rayon məktəbliləri respublika miqyaslı bilik yarışlarında, buraxılış və qəbul imtahanlarında yüksək nəticələr göstərərək fərqlənirlər.
Mayın 2-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum nəticə - 300 bal toplamış, həmçinin cari ildə Respublika Fənn Olimpiadasında Riyaziyyat fənni üzrə gümüş medal qazanmış Yuxarı Zeyxur kənd tam orta məktəbinin XI sinif şagirdi Qayıbova Emiliya Vitalik qızı və cari ildə Respublika Fənn Olimpiadasında Coğrafiya fənni üzrə qızıl medal, ardıcıl iki il isə qızıl və gümüş medallar qazanmış Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Məlikov Qəhrəman Şakif oğlu ilə görüşüb.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, şagirdlərin valideynləri, təhsil aldıqları ümumtəhsil müəssisələrinin direktorları və fənn müəllimləri iştirak etmişdir.
İcra hakimiyyətinin başçısı Sahir Məmmədxanov qazanılmış yüksək nailiyyətlər münasibətilə şagirdləri, onların valideynlərini və müəllimlərini səmimi qəlbdən təbrik edib, şagirdlərə gələcək təhsil həyatlarında müvəffəqiyyətlər arzulayıb. Təhsil sahəsinin ən mühüm sahələrdən biri olduğunu xüsusi vurğulayan rayon rəhbəri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Savadlı, bilikli, vətənpərvər gənclərin yetişməsi Azərbaycanın gələcəyinin etibarlı təminatıdır. İcra başçısı şagirdlərə daha əzmlə çalışmağı, qarşıya qoyduqları hədəflərə çatmaq üçün səylərini artırmağı, elmin bütün sirlərinə dərindən yiyələnməyi tövsiyə edib, bu uğurların əldə olunmasında əməyi keçən müəllimlərə və övladlarının təhsilinə xüsusi qayğı göstərən valideynlərə təşəkkürünü bildirib.
Şagirdlər qazandıqları uğurların onlarda böyük qürur və məsuliyyət hissi yaratdığını bildirib, bundan sonra da səylə çalışacaqlarına, Vətənə, dövlətə layiqli vətəndaş olacaqlarına, əldə etdikləri bilik və bacarıqları Azərbaycanın inkişafı naminə tədbiq edəcəklərini diqqətə çatdırıblar.
Valideynlər, məktəb direktorları və müəllimlər də övladlarının, şagirdlərinin nailiyyətlərindən böyük sevinc və qürur hissi keçirdiklərini qeyd edərək, şagirdlərə yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinin başçısına dərin minnətdarlıqlarını ifadə edib, bu uğurların bütövlükdə rayonun təhsil ictimaiyyətinin birgə əməyinin nəticəsi olduğunu vurğulayıblar.
Digər görüş iştirakçıları da şagirdləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda şagirdlərə Qusar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən pul mükafatı, həmçinin qiymətli hədiyyələr təqdim edilmişdir.
Keçidlər