Qusar Rayon İcra Hakimiyyətinin başçısı Zəfər Günü ərəfəsində şəhid ailələrinin üzvləri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri ilə görüşüb
03 noyabr 2026 | 19:11
Noyabrın 3-də Zəfər Günü ərəfəsində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Quxuroba kənd tam orta ümumtəhsil məktəbində şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərlə görüşü keçirilib. Görüşdə həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qusar rayon təşkilatının sədri, RİHB Aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 8 Noyabr – Zəfər Günü münasibətilə görüş iştirakçılarını təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi, parlaq Qələbədən, bu şanlı Zəfərin dövlətimiz və xalqımız üçün əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və ardıcıl siyasətdən, dövlət başçısının bölgələrin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edən icra başçısı qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq Qusar rayonunda da son illərdə genişmiqyaslı işlər görülüb. Rayon ərazisində yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə yenidən qurulması, əhalinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması, rabitə, kommunal xidmət sahələrində həyata keçirilən layihələr, sosial obyektlərin tikintisi və əsaslı təmiri vətəndaşların rifah halının yaxşılaşdırılmasına, kəndlərdə yaşayış şəraitinin daha da yaxşılaşmasına xidmət edir. Bildirib ki, bu istiqamətdə işlər bundan sonra da mərhələli şəkildə davam etdiriləcək.
Daha sonra çıxış edən Quxuroba kənd Ağsaqqallar Şurasının sədri Ramiz Mamayev, kəndin ağsaqqalı, din xadimi Şulum Laçınov çıxışlarında qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə görüş iştirakçılarını təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbənin Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şanlı səhifəsi olduğunu, bu Zəfərin dövlətimizin qüdrətini, xalqımızın birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıblar. Həmçinin rayonda aparılan geniş abadlıq-quruculuq işləri, həyata keçirilən sosial infrastruktur layihələrinə görə minnətdarlıqlarını bildirib, əhaliyə göstərilən diqqət və qayğının sakinlər tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıblar.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon filialının sədri Canəli Hörmətov və Vətən müharibəsi qazisi İlkin Abuyev çıxışlarında 8 Noyabr-Zəfər Gününün Azərbayan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olduğunu bildiriblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun gücü və xalqımızın sarsılmaz birliyi sayəsində Vətən müharibəsində möhtəşəm Zəfər qazanıldı, 30 illik həsrətə son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Görüş səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. Çıxış edən digər iştirakçılar kəndin ictimai həyatı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və digər aktual mövzularla bağlı öz fikir və təkliflərini bölüşüblər.






