Qusar Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiyaların fəaliyyəti müzakirə olunub
12 sentyabr 2025 | 16:44
11 sentyabr 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin nəzdində fəaliyyət göstərən komissiya əməkdaşlarının iştirakı ilə iclas keçirilmişdir. İclasda uşaq hüquqlarının müdafiəsi və qəyyumluq və himayəçilik komissiyalarının, həmçinin az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyanın fəaliyyət istiqamətləri, qarşıdakı dövr üçün nəzərdə tutulan işlərin müzakirəsi həyata keçirilmişdir.
Müzakirələr zamanı komissiyaların fəaliyyət istiqamətlərinə aid olan uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, əmək qabiliyyətli şəxslərə məşğulluq imkanlarının yaradılması və onların asudə vaxtının səmərəli təşkili, uşaqların baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində proqramların işlənib hazırlanmasında iştirak etmək və onların icrasına nəzarət etmək, uşaqların hüquq pozuntularının profilaktikasını həyata keçirən orqan və müəssisələrin işinin əlaqələndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının müəyyən funksiyalarını icra etmək, bununla yanaşı, təhsil müəssisələrində və uşaqların çalışdığı müxtəlif təşkilat və müəssisələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqinin aparılması, uşaqların qanunazidd əməllərinin törədilməsi səbəblərini öyrənmək, onların qarşısının alınması və aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirmək, valideyn himayəsindən məhrum olmuş uşaqlar və fəaliyyət qabiliyyəti məhdud şəxslər üçün qəyyum və himayəçilərin təyin olunması, onların fəaliyyətinə nəzarət, həmçinin övladlığa götürmə və uşaqların sosial müdafiəsi ilə bağlı bir sıra məsələlər də bu komissiyaların səlahiyyətləri sırasındadır.
Yekunda icra başçısı tərəfindən komissiyaların fəaliyyətinin daha səmərəli təşkili, qarşıya qoyulmuş hədəflərin ardıcıl şəkildə icrası, mövcud problemlərin həlli və gələcək işlərin koordinasiyası ilə bağlı tapşırıq və tövsiyələr verilmişdir.






