Qusar Rayon İcra Hakimiyyətinin strukturunda kadr dəyişiklikləri aparılıb
Kadr siyasəti hər bir təşkilat üçün vacib bir prosesdir. Bu proses işçilərin həm şəxsi inkişafına, həm də təşkilatın ümumi fəaliyyətinə təsir edir, işçilərin motivasiyasını və məhsuldarlığını artırır. Bu prinsiplər əsas götürülərək son günlər Qusar rayon İcra Hakimiyyəti strukturunda bir sıra kadr dəyişiklikləri aparılmışdır. Dövlət qulluğunda çalışmanın son yaş həddinə çatmasına görə müqavilələrinə xitam verilmiş RİH başçısının Hil, Yasab və İmamqulukənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərə Rayon İcra Hakimiyyətində uzunmüddətli iş təcrübəsinə malik kadrlar yeni nümayəndə olaraq təyin edilmişdir. Belə ki, RİH başçısının 3 sentyabr 2024-cü il tarixli əmri ilə RİHB Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ənvər Balabəyov İmamqulukənd kənd İnzibati Ərazi Dairəsi üzrə, RİHB Aparatının Hüquq şöbəsinin müdiri Telman Kazımov Yasab kənd İnzibati Ərazi Dairəsi üzrə, RİHB Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir-müavini Zakir Rəşidov Hil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə vəzifələrinə təyin olunmuşlar. RİHB Aparatının müvafiq şöbələrində ixtisas uyğunluğu əsas götürülərək daha bir neçə vəzifə üzrə kadr dəyişiklikləri həyata keçirilmişdir. Qeyd olunan kadr dəyişikliklərinin həyata keçirilməsində məqsəd idarəetmədə operativliyin, mobilliyin, səmərəliliyin artırılmasından ibarətdir.