Qusar Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib.
08 avqust 2025 | 22:03
Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən avqustun 7-də "Talassemiyasız həyat naminə" proqramı layihəsi çərçivəsində Qusar Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Aksiya Qusar Rayon İcra Hakimiyyəti, Respublika Qan Bankı və Qusar Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə baş tutub. Xüsusi tibb briqadasının həkim-hematoloqları rayon mərkəzi xəstəxanasının tibb heyəti ilə birgə donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Qusar Rayon İcra Hakimiyyəti, Rayon Mərkəzi Xəstəxanası, hüquq-mühafizə orqanları, müxtəlif idarə və təşkilatların əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri könüllü şəkildə qan veriblər. Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Qan Bankına göndərilərək talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.






