Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Rayon Mərkəzi Xəstəxanasında təmir və yenidənqurma işləri aparılmışdır

02 fevral 2026 | 18:16
Qusar Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin dəyişməsindən sonra tibb müəssisəsində genişmiqyaslı cari və əsaslı təmir, eləcə də yenidənqurma işləri həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində xəstəxananın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, xidmət keyfiyyəti yüksəldilmişdir.
İnfrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Uzun illərdir mövcud olan 3 istilik qazanından 1-i qəzalı vəziyyətdə olduğundan müəssisədə isti su təminatında problemlər yaşanırdı. Hazırda hər üç qazan təmir olunaraq istismara verilmiş və xəstəxana tam şəkildə isti su ilə təmin edilmişdir. Nasosxanada fəaliyyət göstərən hər iki mühərrik təmir edilmiş, müəssisənin isti və soyuq su təminatı bərpa olunmuşdur.
Müəssisənin mətbəxində olan 8 ədəd elektrik peçindən yalnız 1-i işlək vəziyyətdə idi. Aparılmış təmir işlərindən sonra bütün avadanlıqlar tam funksional vəziyyətə gətirilmişdir. Çamaşırxanada mövcud 3 yuyucu maşından 2-si (24 kq və 32 kq tutumlu) təmir edilərək yenidən istifadəyə verilmişdir. Havalandırma sistemi qismən işlək vəziyyətə gətirilmiş, kondisioner sistemində mövcud olan 34 blokdan 26-sı cari təmirdən sonra istismara yararlı hala salınmışdır.
Tibbi avadanlıqların təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. 1 ədəd narkoz aparatı əsaslı, 2 ədəd isə cari təmir olunmuş, 2 ədəd küvez istifadəyə yararlı vəziyyətə gətirilmişdir. Generatora texniki qulluq göstərilmiş, yağ, hava və yanacaq filtrləri yenilənmiş, 154 litr yağ və 220 litr antifriz dəyişdirilmişdir. Hazırda generator tam saz vəziyyətdədir.
Tikili və avadanlıqların cari təmiri məqsədilə satınalma proseduru həyata keçirilmiş, müvafiq tender keçirilərək müqavilənin bağlanmasına razılıq verilmişdir. Müqaviləyə əsasən, xəstəxananın Təcili yardım (Acil) şöbəsində 220 m² sahədə antibakterial linoleum örtüyü yenilənmişdir. Akt zalı tam şəkildə sökülərək əsaslı təmir olunmuş, döşəmə, divar və tavan örtükləri yenilənmiş, həmçinin 104 ədəd kreslonun üzlükləri dəyişdirilmişdir.
Rayonun təcili tibbi yardım xidmətinə olan ehtiyacı nəzərə alınaraq TƏBİB rəhbərliyinə müraciət edilmiş və nəticədə 2 ədəd İVECO markalı, sıfır kilometr reanimobil “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin Qusar rayon stansiyasının istifadəsinə verilmişdir. Eyni zamanda 2 anestezioloq-reanimatoloq işə qəbul edilmiş və müəssisədə 7/24 saat fəaliyyət göstərən reanimasiya xidməti təşkil olunmuşdur.
Əməkdaşların, xüsusilə həkim heyətinin iş prosesinin elektronlaşdırılması məqsədilə 40 ədəd yeni nəsil kompüter dəsti alınmışdır. Bundan əlavə, oynaqdəyişmə (protezləşmə) əməliyyatlarının icrası üçün ayrıca əməliyyatxananın ayrılması istiqamətində hazırlıq işlərinə başlanılmışdır.
Həyata keçirilən yeniliklər rayon əhalisinə göstərilən tibbi xidmətlərin əlçatanlığının və operativliyinin yüksəldilməsinə xidmət edir. Qarşıdakı dövrdə də xəstəxananın fəaliyyətinin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Fevralın 2-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar Rayon Mərkəzi Xəstəxanasında görülmüş təmir və yenidənqurma işləri ilə yerində tanış olub, xəstəxana əməkdaşları və xidmət göstərilən sakinlərlə həmsöhbət olub. İcra başçısı xəstəxananın rəhbərliyinə görülmüş işlərə görə təşəkkürünü bildirib, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətli, operativ və əlçatan olmasının vacibliyini vurğulayıb.
Keçidlər