Qusar Rayon Mərkəzi Xəstəxanasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
08 noyabr 2026 | 13:38
8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə Qusar Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib. Tədbir Qusar Şəhər Şəhidlər Xiyabanının ziyarəti ilə başlayıb.
Tədbir xəstəxananın akt zalında davam etdirilib. Tədbirdə Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, xəstəxananın əməkdaşları, şəhid anaları, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən xəstəxananın direktoru İmran Qurbanov hər iki Vətən müharibəsinin iştirakçısı kimi cəbhə bölgəsində şahidi olduğu hadisələrdən danışıb. O, 44 günlük Vətən müharibəsində ölkə başçısının rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu vurğulayıb. Direktor müharibənin ilk günlərindən etibarən tibb işçilərinin fasiləsiz iş rejimində çalışdığını, yaralı hərbçilərin qəbulu və onlara ilkin tibbi yardımın göstərilməsinin necə təşkil olunduğunu xatırladıb. Həmin dövrdə həkimlərin, tibb işçilərinin çevik və peşəkar fəaliyyəti nəticəsində çoxsaylı hərbçilərin həyatının xilas edildiyini bildirib.
Baş həkim Əjdər Ağacanov və ümumi cərrah Qasım Qəribov çıxışlarında 44 günlük Vətən müharibəsi zamanı tibb işçilərinin üzərinə düşən məsuliyyətdən bəhs ediblər. Onlar Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbənin əldə olunmasına hər bir sahənin əməkdaşlarının, o cümlədən səhiyyə işçilərinin öz töhfəsini verdiyini qeyd ediblər. Yaralıların xəstəxanaya çatdırılmasından başlayaraq müalicə və reabilitasiya prosesinədək bütün mərhələlərdə tibb kollektivinin səylə çalışdığını diqqətə çatdırıblar. Bildirilib ki, həmin günlərdə həkimlər həm peşə borclarını, həm də Vətən qarşısında mənəvi məsuliyyətlərini böyük əzmlə yerinə yetiriblər.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar rayon filialının sədri Cənəli Hörmətov çıxışında 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin aparılan uğurlu dövlət siyasətinin, Azərbaycan xalqının birliyinin və Ordumuzun gücünün təntənəsi olduğunu vurğulayıb. O, Zəfərə aparan yolda şəhidlərimizin misilsiz fədakarlığından, qazilərimizin qəhrəmanlığından danışaraq bu tarixi qələbənin gələcək nəsillər üçün əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olduğunu bildirib.
Tədbirdə çıxış edən şəhid anası Tinatin ana övladı ilə bağlı xatirələrini və ürək sözlərini iştirakçılarla bölüşüb.
Tədbir Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.






