Qusar rayonu intensiv bağçılıqda ölkənin əsas mərkəzlərindən birinə çevrilib
09 sentyabr 2025 | 17:50
Qusar rayonu ölkəmizdə intensiv bağçılığın inkişafında önəmli yerlərdən birini tutur. Rayonun təbii şəraiti, münbit torpaqları və dövlətin bağçılıq sektoruna göstərdiyi davamlı dəstək bu sahənin sürətli inkişafını təmin edir. Hazırda Qusarda 14610 hektar meyvə bağı mövcuddur ki, bunun 4787 hektarını alma bağları təşkil edir. Bu rəqəmlər, rayonda meyvə istehsalının geniş miqyasda aparıldığını və əsasən alma kimi rəqabətədavamlı məhsulun üstünlük təşkil etdiyini göstərir.
Rayonda 2024-cü ilin meyvə yığım mövsümü yüksək məhsuldarlıqla yadda qalıb. Keçən il rayonda ümumilikdə 72479 ton meyvə istehsal olunub ki, bunun da 50800 tonu alma məhsuludur. Bu, ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artım deməkdir və məhsuldarlığın yüksəldiyini təsdiqləyir. Cari ilin sentyabr ayının əvvəlinə rayonda artıq təxminən 30000 ton meyvə yığılıb və bu rəqəmin 16000 tonu almadır. Məhsul yığımı noyabr ayının sonuna qədər davam edəcək.
Rayonda müasir bağçılıq texnologiyalarının tətbiqi, fermerlərin innovativ metodlarla yetişdirmə təcrübəsinin artırılması və dövlət tərəfindən subsidiyaların verilməsi məhsuldarlığın yüksəlməsində mühüm rol oynayır. Xüsusilə xarici bazarlara çıxışı mümkün olan yüksək keyfiyyətli alma məhsulunun istehsalı rayonda intensiv bağçılığın əsas hədəflərindən biridir.






