Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonu təhsil və idman sahəsində əldə etdiyi uğurlarla respublikanın qabaqcıl regionları sırasında yer alır

30 aprel 2026 | 19:00
Qusarlı məktəblilər, idmançılar yerli və beynəlxalq səviyyəli bilik və idman yarışlarında ölkəmizi, Qusar rayonunu layiqincə təmsil edirlər.
Belə ki, rayonun Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Qayıbova Emiliya Vitalik qızı 15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum nəticə-300 bal toplamışdır. Riyaziyyat fənninə xüsusi həvəs göstərən şagird respublika fənn olimpiadalarının fəal iştirakçısıdır. Cari tədris ilində keçirilən Respublika Fənn Olimpiadasının rayon (şəhər) mərhələsini 95, yarımfinal mərhələsini isə 100 balla başa vuraraq final mərhələsində gümüş medala layiq görülmüşdür. Hazırda birinci ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan Emiliya Qayıbovanın əsas hədəfi “Kompüter elmləri” ixtisasına qəbul olmaqdır.
Uğurlu nəticəsi ilə seçilən məktəblilərdən biri də Hil kənd Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi Məlikov Qəhrəman Şakif oğludur. İstedadlı şagird Respublika Fənn Olimpiadasında Coğrafiya fənni üzrə qızıl medal qazanmışdır. Bu Qəhrəman Məlikovun Respublika Fənn Olimpiadalarında qazandığı ikinci qızıl medaldır.
Urva kənd tam orta ümumtəhsil məktəbinin 5-ci sinif şagirdi Əhmədxanov İsa Renat oğlu “Kings” Beynəlxalq Məktəb Olimpiadasının Liqa mərhələsində riyaziyyat fənni üzrə I yer tutaraq qızıl medalla təltif olunub. Eyni olimpiadanın birinci mərhələsində rayonun Balaqusar kənd tam orta ümumtəhsil məktəbinin 6-cı sinif şagirdi Hacıyev İbrahim Ayaz oğlu da yüksək nəticə göstərərək qızıl medal qazanıb.
Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəbin 7 şagirdi “Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsində uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıblar. Həmin məktəbin şagirdləri Akşin Mahmudov və Abdul Abdullayev isə 3000 nəfərin qatıldığı TIMO-Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadasında III yerə layiq görülərək bürünc medal əldə ediblər. Sözügedən olimpiadada ölkə üzrə 3000 şagird iştirak edib. Onların arasından final mərhələsinə vəsiqə qazanan 300 nəfər arasında Qusar məktəbliləri də yer alıb. Həmin məktəbin daha 7 şagirdi “Kings” Beynəlxalq Məktəb Olimpiadasında yüksək nəticələr göstərərək qızıl, gümüş, bürünc medallar qazanıblar.
Yasab kənd tam orta məktəbinin 3-cü sinif şagirdi Elşad Rəşad oğlu Ağayev 82 ölkədən şagirdlərin iştirak etdiyi “Hippo” Beynəlxalq İngilis Dili Olimpiadasında mümkün 60 baldan 57 bal toplayaraq final mərhələsinə yüksəlib. O, iyun ayında keçiriləcək final mərhələsində uğur qazanacağı təqdirdə İtaliyada ölkəmizi təmsil edəcək.
Qusarlı gənclər idman arenalarında da öz güclərini nümayiş etdirirlər. Belə ki, Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş MMA üzrə yeniyetmələr və gənclər arasında “Legion Döyüş Çempionatı – LFC” turnirində 4 qusarlı idmançı – Mirzəbəyov Məhərrəm, Əmirbəyov Əmirbəy, Tahirov İbrahim və Əskərov Səid qızıl medal qazanıblar. İdmançıların məşqçiləri, çoxsaylı respublika və beynəlxalq yarışların qalibləri Farid və Ravid Mirzəbəyov qardaşlarıdır. Qusar Olimpiya İdman Kompleksinin məşqçisi Elmar Niftəliyevin yetirmələri də bu yarışda uğurla çıxış edərək müxtəlif yaş kateqoriyaları üzrə yüksək nəticələr əldə ediblər. Rəfiyev Rövşən, Abdullayev Bəhram, Ədilxanov Nöhbala, Cəbrayılov Arsen I yerdə, Qurbanov Rolan və Babayev Rafik isə ikinci yerdə qərarlaşıblar.
Quxuroba kəndinin yetirməsi, dünya çempionatının gümüş mükafatçısı, dəfələrlə ölkə çempionu olan idmançımız Əskərov Kəbir Nəzər oğlu 2026-cı il 18-19 aprel tarixlərində keçirilmiş qol güləşi üzrə Azərbaycan çempionatında 1-ci yerə layiq görülüb.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından bütün şagird və idmançılarımızı, onların müəllim və məşqçilərini ürəkdən təbrik edir, onlara gələcək yarışlarda müvəfəqiyyətlər arzu edirik.
Keçidlər