Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonu yerli və beynəlxalq səviyyəli yarışlarda əldə edilən uğurlu nəticələrə görə respublikanın qabaqcıl rayonları sırasında yer alır

19 iyun 2026 | 18:15
 
Qusarlı məktəblilər, gənclər yerli və beynəlxalq səviyyəli yarışlarda ölkəmizi, Qusar rayonunu layiqincə təmsil edirlər. Belə ki, Qusar rayonunun Yasab kənd sakini Elşad Rəşad oğlu Ağayev "HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası"nın Milli Final mərhələsində bürünc medala layiq görülüb. O, seçim mərhələsində mümkün 60 baldan 57, final mərhələsində isə 55,5 bal toplayaraq yüksək hazırlıq səviyyəsi nümayiş etdirib. Kiçik yaşlarından bilik yarışlarına maraq göstərən Elşad Ağayev 5 yaşından ingilis dilini müstəqil öyrənməyə başlayıb, eyni zamanda mental arifmetika üzrə də biliklərə yiyələnib. Qeyd edək ki, onun uğurları bununla məhdudlaşmır. Daha əvvəl Kanadada keçirilən “WAW Beynəlxalq İngilis Dili Yarışması"nda iki qızıl, “Olympiad USA” - Beynəlxalq İngilis Dili Olimpiadasında isə gümüş medal qazanan Elşad Ağayevin əsas məqsədi Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etməkdir.
Dəqiq elmlərdə də Qusar məktəbliləri fərqləniblər. Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 6-cı sinif şagirdi İsabalayev Abdullah Tehran oğlu "Kenquru Beynəlxalq Riyaziyyat Olimpiadası"nda qızıl medal qazanıb. Bundan əlavə olaraq 13-14 iyun tarixlərində Bakı şəhərində keçirilən “RobotChallenge Azerbaijan” yarışında Kavkaz Robotics School komandası uğurlu çıxış edib. "Mini Sumo" kiçik yaş kateqoriyasında Şahbaz Hacıyev, böyük yaş kateqoriyasında isə David Əliyev ikinci yeri qazanaraq komandaya Çində keçiriləcək Robototexnika üzrə Dünya Çempionatına vəsiqə qazandırıblar.
Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından bütün qaliblərimizi, onların valideynlərini və zəhməti keçən müəllimlərimizi ürəkdən təbrik edir, onlara qarşıdakı yarışlarda uğurlar arzu edirik.
Keçidlər